"Accessbank" QSC bəzi saytlarda bankın bağlacağına dair yayılmış xəbərlərə münasibət bildirib.
FED.az Report-a istinadən xəbər verir ki,. bank açıqlamasında bildirib ki, bu xəbərlər həqiqətə uyğun deyil.
“Tam əminliklə bildiririk ki, bu məlumatlar tamamilə əsassızdır. Hazırda "AccessBank"ın maliyyə vəziyyəti sabitdir və bank bazar şəraitinə uyğun inkişaf strategiyasını tətbiq edir. Hazırki dəyişkən iqtisadi şəraitə rəğmən mart ayında "Accessbank"ın kapitalı əhəmiyyətli dərəcədə artırılıb. Bu isə, bir daha təsdiq edir ki, "Accessbank" nüfuzlu beynəlxalq təşkilatlar olan səhmdarlarından güclü dəstək alır. Biz rəqabətli məhsul çeşidimizlə müştərilərimizə hərtərəfli dəstək və xidmət göstərməkdə davam edir, Azərbaycanın aparıcı maliyyə təşkilatı kimi güclü mövqeyimizi qoruyub saxlayırıq. Həmçinin, qeyd etmək istərdik ki, bank korporativ bankçılığın və onlayn bankinqin inkişaf etdirilməsi ilə bağlı olaraq filial şəbəkəsində bəzi təkmilləşdirici proseslər həyata keçirir, ərazi cəhətdən bir-birinə yaxın olan filialları birləşdirərək onları iri regional xidmət və satış mərkəzlərinə çevirir”, - deyə məlumatda qeyd edilib.
"Accessbank" həmçinin bəyan edib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən banklar arasında ən yüksək beynəlxalq reytinqə malikdir, ötən il yenidən "Euromoney" və "The Banker" kimi mötəbər maliyyə nəşrləri tərəfindən Azərbaycanın ən yaxşı bankı seçilib: "Bank ilin əvvəlindən “Qayğıkeş Ana”, “Biznesə 5D”, “myAccess Mobile” tətbiqi kimi bir çox yeniliklər təqdim edib. Yay aylarında da bank, müştərilərini yeni məhsul və xidmətlərlə, eləcə də yeni kampaniyalarla sevindirəcək".