Azərbaycanın və ümumiyyətlə Qafqaz regionun ən böyük bankı olan - Azərbaycan Beynəlxalq Bankı (ABB) 2022-ci il üzrə Dayanıqlı İdarəetmə hesabatını təqdim edib.
FED.az xəbər verir ki, hesabat Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) 2021 Standartlarının tövsiyələrinə, eləcə də BMT-nin və digər beynəlxalq təşkilatların dayanıqlılıq üzrə təşəbbüslərinə istinadən hazırlanıb. Sənəddə ABB-nin müxtəlif dayanıqlılıq mövzuları, yəni sosial, ətraf mühit, iqtisadi və məsuliyyətli idarəetmə üzrə fəaliyyət nəticələri təqdim olunur.
Hesabatda açıqlanan qeyri-maliyyə göstəricilərinin düzgünlüyünü və şəffaflığını beynəlxalq audit şirkəti olan EY də təsdiqləyib. Hesabatda ABB-nin idarə heyətinin sədri Abbas İbrahimov Bankın səhmdarları, müştəriləri və tərəfdaşlarlna son 3 ildə bankın əldə etdiyi uğurları və qarşıdakı planlarını açıqlayıb:
«Hörmətli səhmdarlar, müştərilər və bütün tərəfdaşlar!
ABB-nin strateji inkişafında xüsusi əhəmiyyət daşıyan 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatımızı sizə təqdim etməkdən məmnunam. 2022-ci ildə ABB-nin üç illik inkişaf strategiyasının bir dövrü (2020- 2022) başa çatdı və Bank yeni strateji mərhələyə daxil oldu.
Son üç ildə biz gələcək inkişafımız üçün möhkəm təməllər formalaşdıran geniş transformasiya proseslərindən keçdik.
Bu gün 3000-dən çox əməkdaşı özündə birləşdirən böyük ABB komandası ilə 2020- 2022-ci illərdə müxtəlif təşəbbüslər irəli sürərək onları uğurla icra etdik. Məhsul və xidmətlərimizin keyfiyyətinə, onların müxtəlif sosial qruplar və regionlar üçün əlçatanlığına diqqət yetirdik. Korporativ müştərilərimiz üçün xidmət modelimizi yenidən formalaşdırdıq və mövcud müştərilərimizlə əlaqələrimizi gücləndirdik.
Son bir neçə il dünya iqtisadiyyatı üçün müxtəlif çətinliklərlə xarakterik oldu. COVID-19 böhranı, iqlim anomaliyaları və geosiyasi qeyri-sabitliyin yaratdığı mənfi təsirlər inflyasiya meyllərini yüksəltdi, bizneslər üçün bir sıra problemlər yaratdı.
Azərbaycan Respublikası Mərkəzi Bankı 2022-ci ildə öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına yönəlmiş addımlar atdı. O cümlədən 2022-ci ildə inflyasiya təzyiqinin yumşaldılması məqsədilə müvafiq tədbirlər həyata keçirildi.
Həmçinin hökumət qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq, özəl sektorun milli iqtisadiyyatda payını artırmaq üçün aparılan islahatların davamı olaraq bir sıra dəstək proqramları həyata keçirdi. ABB-nin maliyyə əməliyyatları, yerinə yetirdiyi strateji təşəbbüslər də Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına tam uyğundur.
2020-ci ildən bəri kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin kreditləşdirilməsində 24%, fərdi sahibkarların kreditləşdirilməsində isə 72% artımla korporativ portfelimizdə kiçik və orta sahibkarlara ayrılan kreditlərin davamlı artımını müşahidə edirik.
Son illər Azərbaycan tarixində mühüm dönüş nöqtəsi oldu. İşğal altındakı rayonlarımızın azad edilməsi, Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə böyük investisiyaların yönəlməsi həm yerli, həm də beynəlxalq biznes üçün yeni üfüqlər açdı. Biz də azad edilmiş regionlarımızın inkişafına dəstək olmaqdan məmnunuq.
Strateji təşəbbüslər və uğurlar
Qlobal çağırışlara və iqtisadi böhrana baxmayaraq, Bankımız 2022-ci ildə də davamlılığını qoruyub saxladı. ABB Qrupun 2022- ci ildə qazandığı maliyyə nəticələri bizim sabit, dayanıqlı mövqeyimizi göstərir. 2022-ci ili biz 288 782 min manat xalis mənfəətlə başa vurmuşuq. Bu, 2021-ci ilin nəticələri ilə müqayisədə iki dəfədən də çoxdur. Dövlət büdcəmizə 78 884 min manat gəlir vergisi ödəmişik. Bu da ölkəmizin iqtisadi inkişafına daha bir töhfəmizdir.
Son üç il ərzində Agile idarəetmə sisteminin tətbiqinə başlamışıq. Bank daxilində 11 Agile sahə yaratmış, Agile transformasiyada əhəmiyyətli nəticələr əldə etmişik. Korporativ idarəetmə sistemimiz inkişaf edərək müasir biznes tələblərinə uyğunlaşdırılıb. Data texnologiyaları prioritetlərimizin önündə gəlir, fəaliyyətimizin bütün sahələrində innovasiyaları təşviq edir.
ABB mobile tətbiqimiz dəyişən müştəri davranışlarına uyğunlaşaraq maliyyə inklüzivliyini artıran dinamik platformaya çevrilib. 2022-ci ilin sonuna kimi mobil tətbiqimizdə 1,23 milyondan çox müştəri qeydiyyatdan keçib. Korporativ və KOS müştərilərimiz yenilənmiş internet bankçılıq platformamızdan və ABB business mobil tətbiqimizdən faydalanaraq yeni bank təcrübələri qazanırlar.
2022-ci ilin sonuna olan məlumata görə, ABB-də korporativ əməliyyatların 91%-i rəqəmsal kanallar vasitəsilə həyata keçirilib.
Xidmət şəbəkəmizi yeni brend kimliyimizə uyğunlaşdırmaq üçün filiallarımızın transformasiyası layihəsini uğurla həyata keçirməkdəyik. Son iki il ərzində 20 filialımızı yeni konseptdə qurduq. 2022-ci ildə 2 yeni filial yaratdıq, bununla müştərilərimizlə əlaqələrimizi genişləndirdik, onlar üçün daha əlçatan olduq. Üstün bank təcrübəsi yaratmaqdan ötrü filiallardakı xidmət modelimizi davamlı inkişaf etdiririk.
Həm korporativ, həm də pərakəndə seqmentdə məhsullarımızı müştərilərimiz üçün təkmilləşdirməklə və mənzil kreditləri sahəsində bazar payımızı gücləndirməklə biz Bankın bu seqmentlərdə lider mövqeyini təmin edirik. 2022-ci ildə kreditləşmə üzrə bazar payımızı 18%-ə çatdırmışıq. Qabaqcıl texnologiyalar və yeni təkliflər təqdim etməklə, ABB-nin nağdsız ödənişlərdəki bazar payını da tədricən artırırıq.
Məsuliyyətli yanaşma
2022-ci ildə təhsilin dəstəklənməsinə, gənclərin peşəkar sferada yeni bilik və bacarıqlar qazanaraq güclənməsinə, cəmiyyətimizdə dayanıqlılığın artırılmasına yönəlmiş müxtəlif sosial dəstək və sponsorluq proqramları həyata keçirdik.
ABB İnnovasiya Mərkəzimiz informasiya texnologiyaları sahəsində yüksək istedadlar yetişdirir, sahibkarları innovativ konsepsiyalarla dəstəkləyir, inkişaf etməkdə olan texnologiyaların bütün potensialından yararlanır. 2020-ci ildən bəri 50-dən çox startap üçün inkişaf imkanları yaratmaqdan qürur duyuruq. Bu startaplardan 12-si 2022-ci ildə seçilib.
ABB rəhbərliyi olaraq biz əməkdaşlarımız üçün pozitiv və sağlam iş mühiti yaradırıq. 2022-ci ildə həm şəxsi, həm də peşəkar inkişafı dəstəkləyən müxtəlif proqramlara, yeni imkanlara sərmayə qoymaqda davam etdik. Komanda üzvlərimizə inkişaf etməyə və öz potensiallarını reallaşdırmağa imkan yaratdıq.
Hesabat ilində seçilmiş ABB menecerlərinin Mini Executive MBA proqramına cəlb olunması üçün Türkiyənin Koç Universiteti ilə əməkdaşlığa başladıq. Paralel olaraq, gənc istedadları və gələcək liderləri ABByə cəlb etmək, onlara karyera imkanları yaratmaq səylərimizi davam etdirdik.
Növbəti addımlarımız
Bankımızın 2023-2025-ci illəri əhatə edən yeni inkişaf strategiyası seqmentlər üzrə bazar liderliyini, dataya əsaslanan rəqəmsal təcrübəni, üstün müştəriyönümlülüyü və maliyyə sektorunda ən yaxşı işəgötürən olmağı vurğulayır. Sürət və mükəmməllik yeni strateji dövrdə bizi irəli aparan əsas performans meyarlarımız olacaq.
Digər müştəri seqmentləri ilə yanaşı, gənclərlə də güclü və uzunmüddətli əlaqələr qurmaq üçün böyük potensial görürük. Biz gənc müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış yeni məhsul və xidmətləri təqdim etmək üçün daha böyük səylə çalışacağıq. Bu, bizim müasir və davamlı inkişaf edən bank olmaq məqsədimizi əks etdirir.
Biz “Beyond banking” təkliflərimizi genişləndirməyə davam edirik. Öhdəliyimiz ənənəvi maliyyə xidmətlərindən kənara çıxaraq maliyyə savadlılığını təşviq edən, cəmiyyətin inkişafını dəstəkləyən və davamlı gələcəyə töhfə verən təşəbbüsləri əhatə edir.
İqtisadiyyatın karbonsuzlaşdırılması istiqamətində artan tendensiya, iqlim dəyişikliyi ilə təxirəsalınmaz mübarizə, qlobal maliyyə artımı ABB üçün yeni imkanlar yaradır. Biz maliyyə resurslarının daha dayanıqlı və yaşıl layihələrə yönəldilməsində, iqlim dəyişikliyinin azaldılması istiqamətində aparılan fəaliyyətdə rol oynamağı planlaşdırırıq.
Kənd təsərrüfatında, regionun enerji keçidində imkan və riskləri düzgün qiymətləndirərək dayanıqlı maliyyəni strateji qərarların qəbuluna inteqrasiya etməyi nəzərdə tuturuq.
Məsuliyyətli biznes təcrübəmizə sadiqlik, uzunmüddətli dövr üzrə göstərdiyimiz səylərin bizi strateji məqsədlərimizə çatdıracağına inamımızı möhkəmləndirir.
Bu Dayanıqlı İnkişaf Hesabatı bizim 2022-ci ildəki inkişaf yolumuzun, nailiyyətlərimizin və gələcəyə baxışımızın ümumi təsviridir. Sizi zaman ayırıb hesabatı oxumağa, nəticələrimizi araşdırıb performansımızı dəyərləndirməyə dəvət edirəm.
Bu inkişaf yolumuzda bizimlə birgə olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bütün uğurlarımızın arxasında Sizin zəhmətiniz və dəstəyiniz durur.
ABB-yə etibar etdiyiniz üçün minnətdarıq. Gəlin, önümüzdəki imkanlardan faydalanaq və cəmiyyətimiz üçün müsbət təsirlər yaratmağa davam edək!
Hörmətlə, Abbas İbrahimov