Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ilk dəfə olaraq avtomatlaşdırılmış depozit qutuları sistemini tətbiq edir.
Bankdan FED.az-a verilən məlumata görə, bu sistem müasir bankçılıq texnologiyalarının son nailiyyətlərindən sayılır. Qiymətlilərin qorunmasında ən təhlükəsiz və yüksək xidmət səviyyəsini təmin edir.
Sistemin özəlliyi qiymətlilərin (pul, mühüm sənəd, qiymətli əşya və s.) qəbulu və təhvil verilməsi prosesinin tam avtomatlaşdırılmasıdır. Bu sistemin köməyi ilə ideal təhlükəsizlik və məxfilik şəraitində, hətta bank əməkdaşının iştirakı belə olmadan qiymətliləri depozit qutularında yerləşdirmək, yaxud bankdan götürmək mümkündür.
Proses çox rahat və operativ şəkildə baş verir: müştəri xidmət kabinəsinə daxil olaraq müqavilə rəsmiləşdirilərkən ona verilmiş kartı və məxfi kodu sistemə daxil edir. Robot sifariş edilmiş depozit qutusunu qapalı zonadan müştərinin olduğu kabinəyə göndərir. Qutu müştəridəki açarla açıldıqdan və əməliyyat başa çatdırıldıqdan sonra sistem depozit qutusunu yenidən avtomatik şəkildə qapalı saxlancdakı yerinə qaytarır.
Azərbaycan Beynəlxalq Bankında depozit seyfinin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti isə 1 ildir. Depozit seyflərinin icarə haqqı 1 aylıq 20 AZN-dən başlanır, seyfin ölçüsündən asılı olaraq dəyişir.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.
ABB ölkədə ilk dəfə avtomatlaşdırılmış depozit qutuları sistemini tətbiq edir
11:14
17 May 2017