Bugünədək ABB-nin səhmlərinə 13 mindən çox investor 17 minə yaxın sifariş yerləşdirib.
FED.az xəbər verir ki, bunu ABB-nin İdarə Heyəti sədrinin müavini Nəbi Əliyev bildirib.
Onun sözlərinə görə, bu, ölkəmizin qiymətli kağızlar bazarı üçün tarixi bir göstəricidir.: Çünki səhmlərin kütləvi təklifi prosesində bu qədər investorun iştirakı heç vaxt olmayıb. Cəmi ay yarım ərzində ABB səhmləri üçün bu qədər vətəndaşımızın sifariş yerləşdirməsi Bankımızın gələcəyinə olan böyük inamı, ABB səhmlərinə yüksək marağı göstərir. Hazırda ABB səhmdarlarının ümumi sayı 1800-ə yaxındır. Səhmlərə belə kütləvi marağa əsaslanaraq əminliklə deyə bilərik ki, biz Bankımıza on minlərlə yeni investorun cəlb edilməsi hədəfinə çatacağıq".
Nəbi Əliyev qeyd edib ki, ABB son 6 ildə səhmdarlarına ardıcıl şəkildə dividendlər ödəməkdədir. Son illərdə dividend məbləği ardıcıl artır:
"Belə ki, 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat dividend ödəmişik. Səhmbaşına düşən dividend 2022-ci ildə 2,8 qəpik, 2023-cü ildə 3,4 qəpik, 2024-cü ildə 4,1 qəpik olub. Faizlə ifadə etsək, 2024-cü ildə ABB-nin səhmləri üzrə dividend gəlirliliyi səhmlərin nominal qiymətinə nisbətdə 15,1%-ə yüksəlib. Proqnozlarımıza görə, gələn il də səhmdarlarımızın dividend gəliri 15%-dən çox olacaq".
Səhmlərə ABB mobile tətbiqi, ölkəmizdəki əksər bankların filialları, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə abunə yazılmaq mümkündür:
"Səhm almaq niyyətində olan investorlara tövsiyəmiz bu olardı ki, qərarlarını sürətləndirib sifarişlərini vaxtında etsinlər. Çünki müddət azalır, hazırki proses sentyabrın 10-da tamamlanacaq.
Digər tərəfdən, səhm sifariş etmiş investorlar 10 sentyabr tarixinə qədər ABB-də ödədikləri sifariş məbləğinə görə 7% illik gəlirliliklə faiz qazancı əldə edirlər. Bu faiz gəliri investorlara əvvəlcədən, yəni sifariş verilən gün ödənilir. Səhmlərə daha tez abunə yazılanlar bu imkandan da faydalanmış olurlar. Bundan başqa, avqustun 1-dən etibarən ABB səhmi sifariş verən investorlar üçün lotereya kampaniyasına da start verdik. İnvestorlar avqust və sentyabr aylarındakı səhm sifarişlərinə görə 5000 manatadək uduş şansı qazanacaqlar" (Marja).