DOST Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı, UNICEF Azərbaycan, Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə BDU-da fiziki məhdudiyyətli yaradıcı gənclərin əl işlərinin sərgi-yarmarkası təşkil olunub.
FED.az xəbər verir ki, tədbir “Sərhədsiz istedadlar” devizi altında keçirilib.
Bərabər imkanların təmin olunmasına və inklüzivliyə xidmət edən bu faydalı tədbirə dayanıqlı inkişaf məqsədlərinə sadiq qalaraq ABB də tərəfdaşlıq köməyi göstərib.
Sərgi-yarmarka çərçivəsində təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxslərinin iştirakı ilə qısa toplantı olub. Toplantıda layihənin məqsədləri barədə məlumat verilib. Bildirilib ki, belə bir sərgi-yarmarkanın təşkilində əsas niyyət fiziki məhdudiyyətli yaradıcı gənclərin istedadını üzə çıxarmaq, onlarda müxtəlif özünüinkişaf proqramlarına marağı artırmaqdır.
Sərgi-yarmarka zamanı müxtəlif təhsil müəssisələrində, o cümlədən peşə məktəblərində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq reablitasiya mərkəzlərinin proqramlarında təhsil alaraq yaradıcı qabiliyyətlərini inkişaf etdirən ayrı-ayrı gənclər öz əsərlərini sərgiləyiblər. Tədbirdə “DanceAbility Azərbaycan” inklüziv rəqs qrupu da ifalarla çıxış edib. Ayrı-ayrı gənclərin uğur hekayələri dinlənilib. Tədbirdə fiziki məhdudiyyətli gənclərin əl işləri üzrə müsabiqənin təşkili, innovativ ideyalar əsasında startap müsabiqələrinin keçirilməsi, həmçinin bu gənclərin sosial fəallığını dəstəkləyən digər təşəbbüslər irəli sürülüb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.