ABB 27 sentyabr Azərbaycan Respublikasında Anım gününə həsr olunmuş yeni sosial məsuliyyət layihəsini təqdim edib. Layihə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr edilib.
Bankdan FED.az-a verilən məlumata görə, Vətən müharibəsi şəhidlərinin şəkilləri və onlar haqqında qısa məlumatlar ABB-nin yaratdığı https://yadedirik.az/ portalında toplanıb. Hər bir istifadəçi portala daxil olarkən səhifədə gördüyü Vətən müharibəsi şəhidinin şəklini öz sosial media hesablarında paylaşa bilər. Portalda axtarış funksiyası da yaradılıb. İstifadəçilər şəklini paylaşmaq istədikləri şəhidimizin ad və soyadını axtarış bölməsində yazmaqla onunla bağlı vizual və mətn məlumatlarını tapıb paylaşım edə bilərlər.
Şəhidlərimizin portalda yerləşdirilən fotoları və onlar haqqında məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytındakı açıq məlumatlar əsasında yerləşdirilib.
Növbəti mərhələlərdə portalda Birinci Qarabağ müharibəsi və 20 Yanvar şəhidləri haqqında məlumatların toplanması da nəzərdə tutulur. Layihənin davamında sənədli materiallar əsasında burada şəhidlərimiz haqqında daha geniş məlumatlar, tarixi oçerklər də yerləşdiriləcək. Beləliklə, https://yadedirik.az/ portalı şəhidlərimiz barədə ətraflı materiallarla zəngin, hər kəs üçün əlçatan məlumat bazasına çevriləcək.
Belə bir layihənin reallaşdırılmasında ABB-nin məqsədi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinə ehtiram, onların mənəvi irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi, cəmiyyətimizdə vətənpərvərlik tərbiyəsi işinə töhfədir. ABB ümid edir ki, rəqəmsallaşma dövründə bu layihə şəhidlərimizin qəhrəmanlıq örnəklərinin təbliği baxımından faydalı olacaq.
Portal haqqında video