Ötən ilin əvvəllərindən ölkədə pandemiyanın yayılması ümumilikdə bank sektoru üçün müəyyən geriləmələrə səbəb oldu.
Eləcə də bax: "Müəyyən bankların bağlanması problemli kreditlərin payını azaldıb"
FED.az Azərbaycanda bank sektorunun hazırkı vəziyyəti və bu il üçün gözləntilərlə bağlı Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulovla müsahibəni təqdim edir:
- Bank sektoru üçün ötən ilin nəticələrini necə xarakterizə etmək olar?
- Bildiyiniz kimi, pandemiya zamanı bütün dövlətlər və şirkətlər əsasən, stabilliyin qorunmasına fokuslanmış, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirmişlər. İlkin hesablamalara əsasən, dünya iqtisadiyyatı 2020-ci il ərzində 4,4 % geriləyib. Azərbaycanda isə bu göstərici 4,3 % təşkil edib ki, bu da ümumi dünya ortalamasına uyğun olmaqla yanaşı, bir çox inkişaf etmiş ölkələrlə müqayisədə (Almaniya (-5 %), Fransa (-8,3 %), Böyük Britaniya (-9,9 %) və s.) daha da yaxşıdır.
Ölkənin bank sistemi stabilliyini qorumaqla yanaşı, həm də müsbət irəlləyiş göstərib. Belə ki, ilin əvvəlində bağlanmış 4 bankın göstəricilərini nəzərə almaqla (iyun-dekabr ayları ərzində) bankların aktivlərinin həcmi 2,5 %, depozitlərin həcmi 4 %, fiziki şəxslərin əmanətləri isə 6,5 % artıb.
Kreditləşmə isə il ərzində aktiv davam etdirilib, xüsusilə, sənaye (43,2 %), kənd təsərrüfatı (4,2 %), inşaat (3,3 %), ticarət və xidmət sektoru (4,6 %) üzrə olan kreditlərdə artım müşahidə edilib. Həmçinin kreditlərin keyfiyyəti də yaxşılaşmış, qeyri-işlək kreditlərin portfeldəki payı 6,1 % təşkil edib. 2019-cu ilin sonuna isə bu göstərici 8,3 % olub.
Sektorun cəmi kapitalı isə 2020-ci il ərində 2.5 % artıb. İlin yekunlarına nəzər yetirdikdə isə ölkədə fəaliyyət göstərən bankların əldə etdiyi cəmi mənfəəti 567,8 mln manat təşkil edib.
Neft qiymətlərinin kəskin enməsi fonunda yaranan volatillik səbəbindən 2020-ci ilin əvvəlində əmanətlərin dollarlaşmasında artım müşahidə edilməyə başlanmışdır. Lakin sonra bu tendensiya dayandı və əksinə çevrildi. Nəticədə bu əmsal 2019-cu ilin sonu göstəricisindən də aşağı endi: 50,8 % (2019-cu ilin sonunda 52,2 %, 2020-ci ilin mart ayında 55,1 %).
Başqa sözlə, pandemiya dövründə də məhdudiyyətlərə baxmayaraq, sektor aktiv fəaliyyət göstərmiş və banklar yeni filialların açılması, bankomatların quraşdırılması, yeni işçilərin işə qəbulu prosesini davam etdirib. Qeyd edim ki, 2020-ci ilin iyun-dekabr ayrları ərzində 16 yeni filial və 163 yeni bankomat müştərilərin istifadəsinə verildi. Həmçinin 300-dən çox yeni əməkdaş işə qəbul edilmişdir ki, bu da olduqca vacib olan məşğulluğun təmini prosesinə bankların verdiyi dəstəkdir.
Pandemiya dövründə ən uğurlu nəticə isə ödəniş sistemlərində və rəqəmsal bankçılıqda qeydə alındı. Belə ki, 2020-ci ildə ödəniş kartları ilə həyata keçirilən nağdsız ödəniş əməliyyatlarının sayı təqribən 118 milyona çatmış, ümumi saydakı payı isə illik 10,1 faiz bəndi artaraq, 58,3%-ə yüksəlib. Bununla da, ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı ilk dəfə nağdlaşdırma əməliyyatlarını üstələyib. Həmçinin, hesabat dövründə nağdsız əməliyyatlarn həcminin ümumi məbləğdəki payı isə 2019-cu illə müqayisədə 1,5 faiz bəndi artaraq, 22,1 %-ə yüksəlib.
Lakin bu nəticələr öz-özünə formalaşan nəticələr deyildir. Burada 3 istiqamətdə atılan addımların vəhdətini vurğulamaq lazımdır: Hökümət tərəfindən qəbul edilən sahibkarlıq fəaliyyətini dəstəkləyən və ümumilikdə iqtisadi və sosial yöndə həyata keçirilmiş tədbirlər, requlatorun tənzimləmə qaydalarında etdiyi müvafiq yumşaltmalar və biznes subyektlərinin borcları ilə əlaqədar güzəştləri, eləcə də banklar tərəfindən beynəlxalq təcrübə və yerli bazardakı vəziyyət araşdırılaraq atılan müvafiq addımlar.
- Bank sektorunda stabilliyin qorunması üçün dövlət tərəfindən atılan addımlar nə kimi rol oynadı?
- Bank sektorunda stabilliyin qorunmasında dövlətin rolu həlledici oldu. Ölkə səviyyəsində görülən bütün tədbirlər Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci tarixli Sərəncamı ilə müəyyən edilərək həyata keçirildi.
Bu tədbirlər çərçivəsində iş yerlərinin azaldılmaması məqsədi ilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, həmçinin həmin sahələrdəki fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi həyata keçirildi. Həmçinin Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyə dəyişiklik edilməsi təşəbbüsü oldu və nəticədə sahibkarlıq subyektlərinə, kiçik və orta sahibkarlara 115 milyon manat dəyərində geniş vergi güzəştləri və tətillər verildi.
Bununla yanaşı “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı və onun icrası üzrə sahibkarların subsidiya və dövlət zəmanəti ilə təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydaları da xüsusi ilə qeyd etmək lazımdır. Qeyd edilən qaydalar üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tədbirləri çərçivəsində pandemiyadan təsirlənən sahibkarların 1 milyard manata qədər olan mövcud kreditləri 12 ay ərzində 10 %-ə qədər subsidiyalaşdırılır, həmçinin müvafiq sahələrdəki bizneslər 500 milyon manat həcmində yeni güzəştli kreditlərlə (60 %-ə qədər dövlət zəmanəti və kredit fazinin yarısına qədər subsidiyanın verilməsi şərti ilə) təmin edilir.
Başqa sözlə, pandemiyanın təsirlərinin azaldılması və iqtisadi aktivliyin qorunub saxlanması istiqamətində dövlət tərəfindən vaxtında qəbul edilən qərarlar və onların uğurlu icrasını olduqca yüksək qiymətləndiririk və Azərbaycanın iqtisadi göstəricilərindəki dinamikanı iki rəqəmli geriləmələrin müşahidə edildiyi qərb ölkələri ilə müqayisə etdikdə bu tədbirlərin effektivliyini daha bariz şəkildə görürük.
Bununla yanaşı, requlyator tərəfindən də əhəmiyyətli addımlar atıldığını vurğulamaq istərdim. Burada Azәrbaycan Respublikasının Mәrkәzi Bankının 23.04.2020-ci il tarixində koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qəbul edilən 16 saylı qərarını və “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nı xüsusilə vurğulamaq lazımdır. Əvvəldə də qeyd etdiyim kimi, bu qərarlar pandemiyadan təsirlənmiş sahibkarları və fiziki şəxsləri dəstəkləməklə yanaşı, prudensial yumşaltmalar hesabına bankların da maliyyə dayanıqlığının formalaşmasına köməklik göstərmiş oldu.
COVID-19 xəstəliyinin regionda görülməyə başladığı ilk gündən banklar beynəlxalq təcrübədə atılan addımları araşdırmağa və mümkün çıxış yolları axtarmağa başladılar. Bu dövrdə bir çox bank pandemiyadan təsirlənmiş müştərilərlə görüşərək onların borclarının restrukturizasiya edilməsi istiqamətində danışıqlar apardı. Bu proses banklar üçün xərcli olsa da (restrukturizasiya zamanı kreditin keyfiyyəti nisbətən pisləşir və ehtiyat yaradılmalı olur), dövrün tələbi olduğu üçün bu addımlar atıldı. Bununla paralel, bu prosesin məsafədən həyata keçirilməsi istiqamətində mümkün tədbirlər görüldü.
Bundan əlavə, həyata keçirilməsi yalnız bank filiallarında mümkün olan əməliyyatlardakı təhlükəsizliyi təmin etmək üçün də bank daxili prosedurlar hazırlandı və tətbiq edildi.
- Bu il Azərbaycanın bank sektoru üçün gözləntilər nələrdən ibarətdir?
- 2021-ci ildə pandemiyanın təsirlərinin müəyyən qədər yumşalacağını və iqtisadi fəallığın daha da yüksələcəyini gözləmək olar. Xüsusilə, qlobal bazar üçün ilin ikinci yarısı ilə bağlı olduqca optimist proqnozlar verilməkdədir. Bununla yanaşı, dövlət tərəfindən müvafiq fondlar vasitəsi ilə sahibkarlığın maliyyələşdirilməsi prosesinə dəstəyin davam etidirilməsilə, digər mümkün təşviq və dəstək kanalları üzərindən biznesin bərpa və inkişafına töhfə verilməsilə, kənd təsərrüfatında sığorta mexanizminin və digər istiqamətlərdə hüquqi çərçivəsinin formalaşdırılması və təkmilləşdirilməsi ilə, eləcə də banklar olaraq, bizim də öz fəaliyyətimizi hökumətin həyata keçirdiyi tədbirlərə sinxronlaşdırmaqla, başda KOS subyektləri olmaqla, sahibkarlarımn maliyyələşdirilməsinin və iqtisadiyyatın şaxələndirilməsi prosesinin daha da aktivləşəcəyini gözləyirik.
Bununla yanaşı, “KOB evləri”nin yaradılması ilə sahibkarların daha yaxşı təlimləndirilməsi, onların bilik və bacarıqlarının artırılması və bununla da daha şəffaf fəaliyyət göstərən və daha detallı və adekvat biznes planlar təqdim edə bilən sahibkarların sayının artması bankların biznesin (əsasən, mikro və KOB-un) kreditləşməsi üçün imkanlarını genişləndirəcəkdir.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyətinə dəstək olmaq məqsədi ilə də bu regionda bank infrasrukturunun bərpa edilməsi və aktiv maliyyələşmənin təmini də əsas məqsədlərimizdəndir. Bildirik ki, banklar olaraq əsas fokus nöqtəmiz real sektorun kreditləşməsidir. Bu səbəbdən qeyd edilən sahələr və sahibkarlıq subyektləri daxil olmaqla, bütün istiqamətlərdə bu prosesi davam etdirəcək və daha da intensivləşdirəcəyik.
Nəticə olaraq, 2021-ci ilin bütövlükdə iqtisadiyyat və bank sektoru üçün uğurlu bir il olacağını gözləyirik.
- Bank faizləri və bankların kredit portfelində nə kimi dəyişikliklər gözlənilə bilər?
- Bank faizlərindəki dəyişiklik onun komponentlərindən asılıdır: maliyyənin mənbəyi və onun dəyəri, bank xərcləri, risk faktoru və bankın mənfəət hissəsi.
Banklar üçün maliyyənin əsas mənbəyi depozitlərdir. Hazırda manat depozitləri üzrə orta faiz dərəcəsi 8,6 %, manat kreditlər üzrə isə 13,7 % təşkil etməkdədir. Başqa sözlə, depozit faizləri kredit faizlərinin 5-də 3-nü təşkil edir və bu olduqca əhəmiyyətli bir hissəsidir. Başqa sözlə, kredit faizlərindəki dəyişiklik böyük həcmdə depozit fazilərindən asılıdır.
Ümumilikdə yanaşsaq, son 3 ildə depozit faizləri 2 faiz bəndindən çox enmişdir. Qeyd edilən tendensiyanın davam edəcəyi istiqamətində gözləntilərimiz var ki, bunların baş verəcəyi halda bu, özünü kredit faizlərində də göstərəcəkdir.
Rəqəmsallaşma da burada mühüm rol oynayan faktordur. Son illərdə bu istiqamətdə böyük irəlləyişlər müşahidə edilməkdədir. Məsafədən hesabların açılması və kreditləşmə imkanları nə qədər geniş olarsa, bu bank xərclərini aşağı sala və dolayısı ilə kreditlər üzrə faizlərə müsbət istiqamətdə təsir edə bilər.
Risk faktoru isə pandemiyanın gətirdiyi məhdudiyyətlər aradan qalxması ilə qismən azalacaqdır ki, vaksinasiyanın başlaması bu istiqamətdə müsbət gözləntilər formalaşdırmışdır.
Bunlarla yanaşı, banklar ABA çətiri altında nə qədər sıx birləşmiş olsalar da, bir-birlərinə rəqib kommersiya təşkilatlardır. Rəqabət nə qədər güclüdürsə, banklar da bazar paylarını saxlamaq məqsədi ilə faizlər üzərində öz mənfəət paylarını bir o qədər azladırlar. 2021-ci ilin əvvəlində kreditlərə olan tələbdə artım müşahidə edirik ki, bu da yeni müştərilərin cəlb etmək istəyən bankların kredit faizlərində güzəştlərinə səbəb olması mümkündür və hazırda da bunu müşahidə edirik.
Ümumilikdə, müsbət proqnozları nəzərə aldıqda, əvvəldə qeyd etdiyim kimi 2021-ci ildə bankların cəmi kredit portfelində artım olacağını gözləyirik.
Bildirdiyim kimi, vaksinasiya və müsbət gözlənrilər fonunda 2021-ci ilin ilk ayından etibarən kreditləşməyə tələbdə artım müşahidə edilməkdədir. Bu prosesin uğurlu davamı ilə paralel məhdudiyyətlərin aradan qaldırılması pandemiyadan təsirlənmiş sahibkarların fəaliyyətinin qismən və ya tam bərpasına imkan yaradacaqdır. Bu fonda daha çox kiçik və orta sahibkarlıq subyektlərinin keditləşməsində artımın müşahidə olacağını gözləmək olar. (Report)