30 sentyabr 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 530,5 milyon manat məbləğində qiymətləndirilir.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-sentyabr aylarında bankların aktivləri 3,2% azalıb.
2023-cü ilin üçüncü rübündə bankların ümumi aktivləri 312,2 milyon manat artıb.
9 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 2 dəfə - 3 milyard 182,1 milyon manata qədər azalıb.
Sentyabrın sonuna bankların kredit portfeli 22 milyard 281,9 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 13,7% ) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 991,4 milyon manat (artım 6,6%) təşkil edir.
Bankların öhdəlikləri 39 milyard 539,1 milyon manata (azalma 4,6%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 107,7 milyon manat məbləğində (azalma 2,1 dəfə) qiymətləndirilir. Banklardakı depozit portfeli 32 milyard 174,2 milyon manat (azalma 4,7%), o cümlədən əhalinin əmanətləri 12 milyard 418,4 milyon manat (artım 8,1%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında bankların ümumi xalis mənfəəti 832,9 milyon manat (2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 21,9%) təşkil edib.
Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 582,4 milyon manat (artım 32%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 903,1 milyon manat (artım 19,1%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 988,5 milyon manat məbləğində (artım 13,6%) olub.
Bu dövrdə bankların faiz xərcləri 628,7 milyon manat (artım 34,5%), o cümlədən depozitlər üzrə 449,9 milyon manat (artım 38,7%), qeyri-faiz xərcləri 1 milyard 675 milyon manat (artım 24,5%) təşkil edib.
Yanvar-sentyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 227,3 milyon manat (artım 25,6%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 1 milyard 47,6 milyon manat (artım 24,7%), mənfəət vergisi üzrə ödənişlər 214,7 milyon manat məbləğində (artım 36,7%) qiymətləndirilir.
30 sentyabr 2023-cü il tarixinə respublikada 24 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2022-ci ilin sonuna 10 bank) xarici kapitallıdır.
Bankların 491 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,8%) və 88 şöbəsi (2022-ci ilin sonuna 91) var.
Bank sektorunda 23,53 min nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 3,3% ) çalışır. (İnterfaks-Azırbaycan)