İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreyanın Azərbaycandakı Səfirliyi və Koreya İnkişaf İnstitutu ilə birgə “Problemli Kreditlərin Həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirib.
FED.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, konfransın keçirilməsində məqsəd problemli kreditlərin həlli üzrə institusional mexanizmin yaradılmasına dair Koreya hökumətinin təcrübəsi, eləcə də “Fiziki şəxslərin xarici valyutada olan problemli kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək” üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Fərmanın icrasına dair Azərbaycan təcrübəsi barəsində təqdimatların keçirilməsi və müvafiq müzakirələrin aparılmasıdır.
Eləcə də bax: Hesablama Palatasının bu hüququ - LƏĞV EDİLDİ
Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı problemli kreditlərin həlli üzrə beynəlxalq təcrübəni və Azərbaycan modelini müqayisə edərək bildirib ki, Koreya Aktivlərin İdarəedilməsi Fondu (KAMCO) tərəfindən 1997-ci il Asiya Maliyyə Böhranının neqativ nəticələrini (böyük korporasiyaların müflisləşməsi, Koreya Fonunun məzənnəsinin dəyərdən düşməsi, böyük həcmdə problemli kreditlərin yaranması) həll etmək məqsədilə Problemli Kreditlərin İdarəedilməsi Fondu yaradılıb.
Onun sözlərinə görə, Problemli Kreditlərin Həlli Strategiyası çərçivəsində müxtəlif maliyyə metodlarından - girov, beynəlxalq hərrac, aktiv-zəmanətli qiymətli kağızlar, birləşmə və satınalma və birgə müəssisə yaradılması üsullarından istifadə edilib. Avropada problemli kreditlərin həlli üzrə strategiya aşağıdakı istiqamətlərdə aparılır: Bankların daxili tədbirlərini gücləndirmək, toksik aktivlər üçün bazarı inkişaf etdirmək, məlumat assimetriyasının qarşısını almaq və aktivlərin idarə edilməsinə cavabdeh qurum yaratmaq, toksik aktivləri üçüncü tərəfə transfer etmək (birbaşa investorlar, aktivlərin idarə edilməsinə cavabdeh qurum və s) və nəzarət orqanını gücləndirmək.
Konfrans çərçivəsində bir sıra ölkələrin problemli kreditlərinə dair yanaşması səsləndirilib.
Qeyd olundu ki, Azərbaycanda problemli kreditlərin həllinin beynəlxalq təcrübədən fərqli olaraq bir sıra xüsusiyyətləri var.
Belə ki problemin həlli daha qısa bir müddətdə oldu. Digər tərəfdən problemli krediti olan fiziki şəxslərin 90%-dən artığı qərarın əhatə dairəsinə düşdü. Bu, Azərbaycan modelinin güclü sosial xarakterini göstərir.
Problemli kreditlərin həllini bütünlüklə dövlət öz üzərinə götürdü. Beləliklə, banklar və əhali yükdən azad oldu. Problemli kreditlərindən həllindən sonra bank sektoru tamamilə yeni mərhələyə çıxdı.
Vüsal Qasımlı həmçinin əlavə edib ki, gələcəkdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Koreya İnkişaf İnstitutu arasında hər iki ölkənin iqtisadi inkişaf modelləri üzrə təcrübə mübadiləsi nə zərdə tutulur.
Daha sonra Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op çıxış edib. Səfir Azərbaycanda xüsusi ilə son dövrlərdə aparılan sosial-iqtisadi islahatlar, xarici investorlar və iş adamları üçün yaradılan səmərəli şəraitdən məmnunluğunu ifadə edib. O deyib ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilir, beynəlxalq layihələr vasitəsilə etibarlı enerji tərəfdaşı kimi imicini gücləndirir. Kim Tonq Op əlavə edib ki, Koreya problemli kreditlərin həlli mövzusunda böyük təcrübəyə malikdir. Azərbaycan dövləti ilə yeni təcrübə mübadiləsi bu istiqamətində yeni imkanların əldə olunması ilə nəticələnəcək.
Beynəlxalq tədbir zamanı Koreyanın Depozitlərinin Sığortalanması Korporasiyasının keçmiş prezidenti Kim Co Hyun da Koreya təcrübəsi ilə bağlı ətraflı məlumatlar təqdim edib.
Tədbir Koreyanın İnka Universitetinin professoru Jajun Hanın “Problemli kreditlərin həlli üzrə institusional mexanizmə dair Koreya təcrübəsi”, AR Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılovun “Problemli kreditlərin həlli üzrə Azərbaycan modeli” və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərovanın “Problemli kreditlərin həlli üzrə dünya Təcrübəsi” mövzularında hazırlanan təqdimatların nümayişi ilə davam edib.
Konfransda dövlət qurumlarının nümayəndələri, tədqiqat institutlarının, 10-dan artıq bank və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.