Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmov son günlər ölkə bankları arasında aparılan «təmizlik» işləri barədə məlumat verib.
Bankir bildirib ki, bəzi banklarda problemlər çoxdan var idi: «Dünən biz Azərbayanın 4 bankında müvəqqəti inzibatçılıq haqqında qərar qəbul etdik, yəni onların idarəetməsini üzərimizə götürdük. Və bu gün iki bankın - «Ata Bank» və «Amrah bank»ın lisenziyası geri alındı».
Elman Rüstəmov bildirib ki, bu addım «Əmanətlərin sığortalanması haqqında» qanunun müddəti uzadılandan sonra atılıb ki, əmanətçilər öz əmanətlərini itirməsinlər: «Atabank»da artıq çoxdandır ki, problemlər vardı, əmanətçilər buradan əmanətlərini ala bilmirdi və mən dəfələrlə bu bank haqqında fikir söyləmişdim ki, «Əmanətlərin sığortası» qanununun müddəti uzadılan kimi problemi həll edəcəyik, şərait yaradılacaq ki, əmaətçilər pullarına çıxış əldə etsinlər. İkinci problem «Amrahbank»dır.
Yəni bu, bu gün yaranan problemi deyil, bunun koronavirus və neftin qiymətinin azalması ilə əlaqəsi yoxdur».
AMB rəhbəri bildirib ki, bankların bağlanması barədə qərar Maliyyə Sabitliyi şurasında müzakirə edilib: «Təbii ki, biz problemi görürdük, izləyirdik, analiz aparırdıq, bu problem Maliyyə Sabitliyi Şurasında müzakirə olundu və AMB-ə tövsiyə verildi, bu tövsiyə əsasında bu iki bankın lisenziyası geri alındı».
E.Rüstəmov əmin edib ki, bankların əmanətçiləri bundan zərər çəkməyəcək: «Biz çalışacağıq ki, bu bankların əmanətçiləri qısa bir zamanda buradakı prosedurları yerinə yetirməklə tezliklə əmanətlərinə çıxış imkanları qazansın».
Bağlanan banklardakı əmanətlər ölkənin sabit banklarından birinə köçürüləcək: «Qanuna görə, biz bu əmanətləri ölkənin ən sabit banklarından birinə köçürəcəyik. Və əhali orada öz əmanətlərini saxlaya da, geri götürə də bilər və bu onları özlərindən asılı olacaq».
AMB sədri bildirib ki, əmanətlər dövlət büdcəsi hesabına qaytarılmayacaq: «Xüsusi qeyd edim ki, bu əmanətlərin qaytarılması üçün dövlət vəsaiti sərf edilməyəcək. Hər iki bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, banklar buraya üzvlük haqqı ödəyirlər və əmanətlər də bu vəsait hesabına qaytarılacaq».
Fonddakı pul əmanətləri qaytarmaq üçün kifayət etməsə, AMB fonda kredit vercək ki, bu əmanətlər tam qaytarılsın, sonradan bağlanan bankların əmlakı satılacaq və AMB-nin krediti qaytarılacaq: «Fondun kredit qaytarma qabiliyyəti güclüdür»-deyə E.Rüstəmov vurğulayıb.