Əmanətlərin Sığortalanması Fondu fəaliyyətin dayandıran «Günay Bank»ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə başlayıb.
«Günay Bank»dakı əmanətlərin - TƏQRİBƏN YARISI ARTIQ QAYTARILIB
FED.az xatırladır ki, əmanətlərə görə kompensasiyaların ödənilməsi ölkənin bank sektorunun liderlərindən biri olan «Bank Respublika»da həyata keçirilir və bu proses iyunun 19-dan başlanılıb.
Əmanətlərin Sığortalanması Fondundan FED.az-a verilən məlumata görə, bu günədək, yəni 3 gün ərzində «Günay Bank»dakı 35 milyon manat qorunan əmanətin təqribən yarısı – 17 milyon manatı kompensasiya edilib.
Belə ki, Bakı vaxti ilə saat 17-yə olan məlumata görə, bağlanan bankın 909 əmanətçisinə 16 milyon 933 min manat ödəniş edilib. Kompensasiya edilən məbləğlər arasında manatla yanaşı, dollar, avro və rus pulu ilə olan əmanətlər də var.
Belə ki, bunlardan 813 nəfəri pullarını manatda saxlayan əmanətəçilərdir – onlara 12 milyon 997 min manat qaytarılıb.
Pulunu dollarda saxlayan 88 nəfərə 2 milyon 291 min 395 dollar qaytarılıb, ödəniş manatla olub – 3 milyon 895,4 min manat.
Pulunu avroda saxlayan 8 nəfərə isə 22 min 330 avroluq əmanətə görə kompensasiya verilib, ödənilən məbləğ 41 125 manat olub.