Nağdsız ödənişlərin stimullaşdırılması məqsədi ilə Azərbaycan Beynəlxalq Bankı “Kartla xərcləmək sərfəlidir!” devizi altında kampaniyaya start verib.
FED.az xəbər verir ki, kampaniya 12 avqustdan 30 sentyabra qədər olmaqla 7 həftə davam edəcək.
Bu müddətdə ölkə daxilində və ölkədən xaricdə POS terminallar, yaxud elektron ticarət sistemləri vasitəsilə Azərbaycan Beynəlxalq Bankının kartları ilə həftə ərzində minimum 10 manatdan az olmayaraq ən çox sayda ödəniş edən müştərilər müxtəlif məbləğlərdə pul uduşları qazanacaqlar.
Belə ki, hər həftə əməliyyatların sayı nəzərə alınmaqla 50 qalib müştəri seçiləcək. Bu müştərilərin qazanacaqları uduş məbləğləri 20 manatdan 100 manatadəkdir. Uduşlar növbəti həftə onların kart hesablarına ödəniləcək. Sonda isə kampaniyanın əsas mükafatlarının qalibləri - yəni bütün kampaniya dövründə bankın kartları ilə say etibarilə ən çox nağdsız ödəniş etmiş 5 müştəri müəyyənləşəcək.
Mükafatlar
Kampaniyada iştirak edən müştərilər hədiyyə qazanacaqlar. Ümumilikdə 5 nəfər qalib seçiləcək. 5-ci yerin qalibi Azərbaycan Beynəlxalq Bankından 300 manat, 4-cü yerin qalibi 500 manat, 3-cü yerin qalibi “Qalaaltı hotel&SPA” mərkəzinə 2 nəfərlik 5 günlük hədiyyə paketi, 2-ci yerin qalibi “İphone X” smartfonu, 1-ci yerin qalibi isə İstanbula 2 nəfərlik 7 günlük səyahət paketi qazanacaq.
Xüsusi qaydalar
Qeyd edək ki, qalib olmaq istəyən şəxslər mütləq xüsusi qaydalara əməl etməlidirlər. Kampaniya korporativ və biznes kartlarına, onlayn kredit ödənişlərinə, maliyyə institutlarının fəaliyyət sahəsi üzrə aparılan əməliyyatlara aid deyil.
Bir gün ərzində eyni kart vasitəsilə eyni ödəniş məntəqəsində və ya eyni internet səhifəsində aparılmış əməliyyatlar kampaniyanın şərtlərinə görə, ümumiləşdirilərək 1 əməliyyat sayılır.