Kia şirkəti Avropa bazarı üçün nəzərdə tutulmuş Rio GT-Line hetçbekini təqdim edib. “İdman” görkəminə malik olan və 1,0-litrlik T-Gdi turbomühərriki ilə təchiz edilən model mart ayında fəaliyyətinə başlayacaq Cenevrə avtomobil salonunda təqdim ediləcəkdir.
Kia Rio GT-Line modeli adi hetçbeklərdən 17-düymlük təkər diskləri, qara parlaq radiator toru, işıqdiodlarından duman əleyhinə fənərlər, spoyler və səsboğucu sistemin ikili borusu ilə seçilir. Hetçbekin təchizatına adaptiv ön fənərlər, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən və 7,0-düymlük sensorlu displeyi olan multimedia sistemi, arxa görüntü kamerası, sükanın və oturacaqların qızdırılması, həmçinin piyadaları aşkar edərək qəzaları önləyən sistem daxildir.
İlkin olaraq, Rio GT-Line modeli 120 at qüvvəsi və 173 Nm fırlanma anı hasil edən 1,0-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Mühərrik altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Sonradan 1,25 və 1,4 litrlik atmosfer mühərrikləri və yeddi pilləli iki muftalı “robot” da təklif ediləcəkdir.
Kia Rio GT-Line modelinin Avropadakı satışlarına bu ilin yazında başlanacaqdır.