2024-cü ildən etibarən Azərbaycanda avtomobillə sərnişin və yük daşımalarına, o cümlədən taksi fəaliyyətinə nəzarət gücləndirilir.
FED.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə hələ avqust ayında dəyişiklik edilib, yeni cərimələr myəyyənləşdirilib. Yeni, 2024-cü ilin əvvəlindən isə həmin cərimələr qüvvəyə minib.
Belə ki, yeniliyə əsasən,
Məcəllənin 322-ci maddəsinə («Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması») edilən dəyişik və əlavələrə əsasən,
- müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə daşımalar zamanı başlanğıc, aralıq və son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda olmasına görə,
- şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmasının bilet-uçot vərəqi olmadan həyata keçirilməsinə, yəni avtobuslarda biletsiz sərnişin daşınmasına görə;
- qeyri-müntəzəm sərnişin daşınmasının (taksi daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə görə,
- taksi ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazidən kənarda həyata keçirilməsinə görə;
- taksometrin göstəriciləri və ya taksometr proqramının göstərdiyi qiymətdən əlavə ödənişin tələb edilməsinə görə
50 manat cərimə nəzərdə tutulur.
Məcəllənin 323-cü maddəsinə («Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması») edilən dəyişikliyə görə,
- Əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə cərimə 20 manatdan 40 manata qaldırılıb.
Məcəllənin 324-cü maddəsinə («İcazə olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması») edilən dəyişikliyə görə,
- Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə –vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 1000 manat cərimə edilir.
Bu hərəkətə il ərzində ikinci dəfə yol verildikdə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 2000 manat cərimə edilir.
- Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə – 50 manat cərimə edilir. Bu hərəkətə il ərzində ikinci dəfə yol verildikdə 80 manat cərimə edilir.
- Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə – vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 1200 manat cərimə edilir. Bu hərəkətə il ərzində ikinci dəfə yol verildikdə vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 2400 manat cərimə edilir.
- Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə – 50 manat cərimə edilir. Bu hərəkətə il ərzində ikinci dəfə yol verildikdə 100 manat cərimə edilir.
Avtomobillə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkilinə görə - vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 1200 manat cərimə edilir. Bu hərəkətə il ərzində ikinci dəfə yol verildikdə vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 2400 manat cərimə edilir.
- Məcəllənin 324-cü maddəsinə (İcazə olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması) edilən dəyişiklik və əlavəyə görə,
- Beynəlxalq sərnişin və yük daşımaları zamanı icazə blanklarından (jurnallarından) istifadə qaydalarının pozulmasına görə (yeni əlavə edilmiş Maddə 324-1.)
- “İcazə” blankının (jurnalının) doldurulması zamanı məlumatların təhrif olunmasına, pozulmasına və yenidən yazılmasına, habelə “İcazə” blankının (jurnalının) başqa şəxsə ötürülməsinə görə –
fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 3000 manat cərimə edilir. Bu hərəkətə il ərzində ikinci dəfə yol verildikdə fiziki şəxslər 400 manat, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5000 manat cərimə edilir.
Hazırlıq keçməmiş sürücülərin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına cəlb edilməsinə görə (yeni əlavə edilmiş Maddə 324-2.)
- “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən olunmuş qaydada hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə – vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 1200 manat cərimə edilir. Bu hərəkətə il ərzində ikinci dəfə yol verildikdə vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 2400 manat cərimə edilir.
Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsinə görə (yeni əlavə edilmiş Maddə 324-3.)
- Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsinə görə – 400 manat cərimə edilir. Bu hərəkətə il ərzində ikinci dəfə yol verildikdə 1000 manat cərimə nəzərdə tutulur.
Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulmasına görə (yeni əlavə edilmiş Maddə 326-2.)
- İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə – vəzifəli şəxslər 10 000 manat, hüquqi şəxslər 40 000 manat cərimə edilir.
- Taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” qanuna uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə – vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 20 000 manat məbləğində cərimə edilir.
- Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə –vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 20 000 manat məbləğində cərimə edilir.
- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə – vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.