“Qaz Qrup” və “Azərmaş” Azərbaycandakı “QAZ” avtomobil zavodunda istehsal ediləcək avtomobilləri üçüncü ölkələrə ixrac etməyi planlaşdırır. FED.az xəbər verir ki, bunu “Qaz Qrup”un marketinq və satış üzrə direktoru Oleq Markov deyib.
«Avtomobil ixracının “Azərmaş”la əməkdaşlığın ikinci mərhələsi çərçivəsində həyata keçirilməsi planlaşdırılır», - deyə o, bu gün Hacıqabulda jurnalistlərə bildirib.
Direktorun sözlərinə görə, avtomobillər Gürcüstan, İran və Türkiyəyə ixrac edilə bilər.
““Qaz Qrup” və “Azərmaş” arasında əməkdaşlığın ikinci mərhələsinin “Qaz Qrup”un Hacıqabuldakı avtomobil zavodu istismara verildikdən 3 il sonra başlanması nəzərdə tutulur”, - deyə O. Markov qeyd edib.
Qeyd edək ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində “Qaz Qrup” və “Azərmaş”ın birgə layihəsi üzrə yüngül kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.
İllik istehsal gücü 1000 ədəd avtomobil olan zavodda "Qazel", "Qazel Biznes", "Qazel Next" avtomobil modelləri və xüsusi təyinatlı texnika istehsal ediləcək.
Zavodun dəyəri 14 mln. manatdır ($8,235 mln.). Layihəyə investisiya qoyuluşlarını Azərbaycan tərəfi həyata keçirəcək. Avtomobil istehsalına 2020-ci ildə başlanılması planlaşdırılır.
Xəbər verildiyi kimi, 2018-ci ilin mart ayında “Qaz Qrup” və “Azərmaş” arasında Azərbaycanda avtomobillərin yığımı sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Sazişə əsasən “Azərmaş” Hacıqabul şəhərində yüngül kommersiya avtomobillərinin və avtobusların yığılması üzrə zavod tikəcək.
Birinci mərhələdə "Qazel Next", "Qazon next", "Qazel Biznes" və “Sobol Biznes” avtomobilləri daxil olmaqla, “QAZ” avtomobillərinin istehsalına başlamaq planlaşdırılır.
“Azərmaş” ASC 2017-ci ilin noyabr ayında Azərbaycanda maşınqayırma sənayesinin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Şirkətin strateji tərəfdaşları “Ravon”, “Iran Khodro” və "QAZ" brendləridir.*