Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş «Yaşıl ölkə 2024» ekoloji avtomobillər yürüş-festivalı uğuqrla həyata keçirildi.
FED.az xəbər verir ki, tədbiri Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə təşkil etdi.
Ekoloji yürüş-festivalın ölkədə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və ölkəmizdə baş tutacaq COP29 Konfransı ərəfəsində həyata keçirilməsinin simvolik mənası var idi. Rəsmi idxalçıların təqdim etdiyi 30-dan çox elektrik və hybrid avtomobillərdən ibarət «karvan» Heydər Əliyev Mərkəzindən start alaraq, şəhərin prospektlərində effektli yürüş etdi. Marşrutun son nöqtəsu isə Lökbatan qəsəbəsində yerləşən Avrasiyanın mərkəzində ən böyük intermodal logistika mərkəzi oldu. Abşeron Logistika Mərkəzi həm də regionun ilk «yaşıl» logistika mərkəzidir. Məhz burada ekoloji avto-festivalın qonaqlarını mərkəzin xidmətləri və imkanlarını əhatə edən maraqlı tanıtım turu, daha sonra ən yeni avtomobillərin təqdimaqtları və əyləncəli proqram gözləyirdi.
Festivalda məktəblilər arasında AADA-nın təşkil etdiyi «Gələcəyin avtomobili» rəsm müsabiqəsinin qalibləri diplomlar və pul mükafatları ilə təltif olundular. Musiqili qonaqlar «Dərviş Band» qrupunun və Ceyhun Səmədovun çıxışları festivalın əhvalına xüsusi rəng qatdı. Tədbirdə elan olundu ki, AADA-nın növbəti aksiyası «Kaspian Motor Şou» sərgisi iyun ayında baş tutacaq.