Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən bu gündən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb.
FED.az xəbər verir ki, yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500-1800 və 1800-3000 kubsantimetr arası olan təzə minik avtomobilləri üçün rüsum hər kubsantimetrinə görə 0,70 dollar, istismar olunmuş avtomobillər üçün isə 1,2 dollar olacaq. İndiyə qədər isə bu rüsumlar müvafiq olaraq 0,40 və 0,70 dollar idi.
1000-1500 kubsantimetr arası olan avtomobillər üçün isə rüsum dəyişməyib. Bu kateqoriyalarda olan təzə minik avtomobilləri üçün 0,40 dollar, işlənmiş avtomobillər üçün isə 0,70 dollar sabit qalıb.
Başqa sözlə, hətta digər vergilərdə dəyişiklik olmasa belə, təzə avtomobillərin qiyməti mühərrikinin həcminn hər kubsantimetrinə görə 0,3 dollar, köhnə (yaşı bir ildən artıq olan) avtomobillər isə 0,5 dollara bahalaşacaq.
Bu hesabla FED.az-ın hesablamasına görə, mühərrikinin həcmi 1,6 litr olan köhnə avtomobillərin qiyməti 800 dollar, 2 litr olan köhnə avtoombillər 1000 dollar, mühərrikin həcmi 3 litr olan köhnə avtomobillər isə 1500 dollar bahalaşacaq.
Təzə avtomobillər də isə mühərrikin həcmi 1,6 litr olanlar 480 dollar, mühərrikin həcmi 2 litr olanlar 600 dollar, mühərrikin həcmi 3 litr olan avtomobillər isə 900 dollar bahalaşacaq.