FED.az olaraq 8 Mart Beynəlxalq Qadınlar gününün özəlliyini nəzərə alıb Bakının avtomobil mərkəzlərindən xanımların ən çox maraqlandıqları modelləri araşdırdıq.
Eləcə də bax: Bakıda satılan ən kiçik avtomobillər - SİYAHI, QİYMƏT
“X5”, yoxsa “X6”?
“BMW” Bakı mərzindən aldığımız məlumata görə, xanımlar ağ və qara rəngli avtomobillərə üstünlük verirlər. Məlumata görə, xanımların bu markaya aid modellərdən ən çox bəyəndikləri “X5” və “X6”-dır. Bu modellərin mühərrik həcmi 1,9 ilə 4,3, at gücü isə 313 və 575 arasında dəyişir. “X5”in qiyməti 102 min 627 manatdan başlayır, 253 min 751 manatadək qalxır. “X6”nın isə mühərrik həcmi 2,9 və 4,3 arası fərqlənir, at gücü 306 və 575-dir. Qiyməti 137 min 423 manatdan başlayır və 259 min 916 manatadək artır.
Eləcə də bax: Ən çox yanacaq işlədən avtomobillər – SİYAHI, QİYMƏTLƏR
Xanımların arzuladıqları tünd qırmızı “Passat”
“Wolksvagen” Bakı mərkəzindən bildirdilər ki, bura müraciət edən xanımlar əsasən ağ və tünd qırmızı rəngli avtomobillərlə maraqlanırlar. Məlumata görə, xanımlar bu markaya aid modellərdən ən çox bəyəndikləri “Passat”dır. 1,8 mühərrik və 180 at gücünə malik bu modelin orta komplektasiyalı növü 56 min 900 manat, yüksək komplektasiyalı növü 66 min 600 manatdır. Mərkəzdən bildirdilər ki, hazırda salonda satışda olan tünd qırmızı rəngli “Passat R-Line” bütün xanımları heyran edir. Bu modelin qiyməti 73 min 500 manatdır.
Eləcə də bax: Azərbaycanda ən çox satılan «ikinci əl» - 5 AVTOMOBİL
Xanımlar kiçik ölçülü avtomobillərə üstünlük verir
“KIA” markasında isə xanımların ən çox üstünlük verdikləri modellər “Picanto” və “Rio”dur. Xanımların əsasən qırmızı və göy rəngini bəyəndiyi bu modellərdən “Picanto”nun mühərrik həcmi 1,2, at gücü 87, qiyməti isə 26 min 400 manatdır. “Rio” isə 1,4 mühərrik həcminə, 100 at gücünə malikdir. Qiyməti 28 min 500 manat ilə 32 min 500 manat arasında dəyişir.
Eləcə də bax: Bakıda avtomat sürət qutusu olan – 10 ƏN UCUZ AVTOMOBİL
“Porsche”: “Qiymətini deyə bilmərik...”
Porsche Bakı mərkəzindən bildirdilər ki, xanımların ən çox bəyəndikləri modellər “Cayenne” və “Macan”dır. Ən çox üstünlük verdikləri avtomobil rəngləri isə qara və göydür. “Cayenne” modeli 6,2 mühərrik həcminə, 340 at gücünə malikdir. “Macan” isə 4,8 mühərrik həcminə, 400 at gücünə malikdir.
“Porsche” Bakı mərkəzindən bildirdilər ki, bu modellərin qiymətini deyə bilməzlər. Markanın rəsmi saytında isə “Macan” modelinin qiymətinin 145 min 874 manat ilə 156 min 973 manat arasında dəyişdiyi göstərilib. İkinci əl “Cayenne” modelinin bazar qiyməti isə 20- 125 min manat arasında dəyişir.
Əvvəllər qırmızı rəng maşın istəyirdilər, indi ağ rəng
“Renault” Bakı mərkəzindən isə bildirdilər ki, xanımlar əvvəl qırmızı rəng avtomobilləri bəyənirdilər, indi isə ağ rəngə üstünlük verirlər. Məlumata görə, bu markaya aid modellərdən ən çox bəyəndikləri “Sandero”dur. Model 1,6 mühərrik, 110 at gücünə malikdir. Qiyməti 26 min manatdan 40 min manata qədər dəyişir.