Alman avtomobil konserni "Volkswagen"in ABŞ bölməsi məşhur "Beetle" modelinin buraxılışını dayandıracaq.
FED.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.
Qeyd olunur ki, avtomobilin buraxılışına 2019-cu ilin ortasında son qoyulacaq: "Beetle"in 3 nəsil və təxminən 70 ildən sonra yox olması onun sadiq pərəstişkarlarında çoxlu emosiyalar doğuracaq", - deyə konsernin ABŞ bölməsinin baş direktoru Hinrik Vobken bildirib.
Onun sözlərinə görə, "Beetle"in gələcək buraxılışı "Volkswagen"in planlarına uyğun gəlmir, çünki avtomobil konserni Amerika bazarında əsasən ailə avtomobillərinin buraxılışında diqqətini cəmləşdirmək niyyətindədir.
Modelin istehsalının dayandırılması ilə əlaqədar şirkət yaxınlarda iki son modeli buraxacaq. Onlar "Final Edition SE" və "Final Edition SEL" olacaq ki, bu modellər avtomobil tarixinə son qoyacaq.
İlk modelin bağlı kuzovla qiyməti 23 min ABŞ dollarına yaxın olacaq, ikinci modelin qiyməti isə 26 min dollar təşkil edəcək. Avtomobillərin açıq kuzovlu qiymətləri isə müvafiq olaraq 27 və 30 min dollar təşkil edəcək.