Almaniyanın Braunşveyq şəhər prokurorluğu “Volkswagen” avtokonsernini dizel qalmaqalı ilə əlaqədar bir milyard avro məbləğində cərimələyib.
FED.az xəbər verir ki, bu haqda şirkətin yaydığı pres-relizdə deyilir.
Avtokonsern öz təqsirinə görə məsuliyyət daşıdığını bildirərək, cərimə ilə razılaşıb və qərardan apelyasiya məhkəməsinə şikayət etməyəcək.
İstintaq nəticəsində məlum olub ki, avtokonsern dizel mühərriki ilə təchiz olunmuş 10, 7 milyon avtomobilin texniki baxışı ilə bağlı qaydaları pozub.
Həmin avtomobillər texniki baxış zamanı havanı çirkləndirən zərərli maddələrin göstəricilərini saxtalaşdırmağa kömək edən qanunsuz proqram təminatı ilə təchiz olunub.
Xatırladaq ki, “Volkswagen” şirkətinin dizel mühərrikləri ilə bağlı qalmaqal 2015-ci ildə ABŞ-da meydana gəlib. Almaniyadan əvvəl ABŞ hökuməti avtokonserni milyardlarla dollar məbləğində cərimələyib.