DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vəfat etmiş şəxsə inzibati cərimə yazılmasına münasibət bildirib.
FED.az xəbər verir ki, idarədən bildirilib ki, “Nissan Patrol” markalı, 90-FH-041 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü tərəfindən 19.10.2018-ci il və 04.01.2019-cu il tarixlərdə törədilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib: "Həmin qayda pozuntuları üzrə icraat aparılarkən qeyd olunan inzibati xətaların dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyi aşkar edildiyindən, qanunvericiliyin tələbinə əsasən, həmin dövlət qurumuna müvafiq sorğu göndərilib. Lakin, sorğu ilə bağlı BDYPİ-yə təqdim olunan məlumatda sözügedən nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxsin sürücülük vəsiqəsinin seriyasında “F” hərfi “C” kimi göstərildiyi üçün inzibati tənbeh vermə haqqında elektron qərarlar yanlış olaraq başqa şəxsin adına tərtib edilib. Hazırda, qeyd olunan uyğunsuzluq BDYPİ-nin Mərkəzi İnformasiya Sistemində aradan qaldırılıb, təqsirkar şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar tərtib edilib".
Baş DYP Idarəsi yol hərəkəti iştirakçılarına müraciət edərək bir daha xahiş edir ki, analoju uyğunsuzluqla rastlaştdıqları hallarda, Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytına və ya “902 Qaynar Xətt” mərkəzinə müraciət etsinlər.
Eləcə də bax: Texniki baxış talonu olan sürücülər də cərimələnə bilər - YENİLİYİN TƏFƏRRÜATI - VİDEO
Qeyd edək ki, Azərbaycanda dörd il əvvəl vəfat etmiş şəxsin adına elektron protokol tərtib edilərək evinə göndərilib.
Bu barədə mərhumun həyat yoldaşı Zakirə Zakirqızı sosial şəbəkədə məlumat yayıb.
Məlumatda bildirilir ki, Mirzəquluzadə Elxan Balağa oğlu 2019-cu ilin yanvar 4-də Salyan yolunun 29-cu kilometrliyində, Xıdırlı kəndi ərazisində “Nissan Patrol” markalı avtomobillə guya radara düşüb, o, 50 manat məbləğində cərimələnib.
Protokola əsasən, Elxan Mirzəquluzadə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci (Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsini pozub.
Zakirə Zakirqızı bildirib ki, həyat yoldaşı dörd il əvvəl vəfat edib:
“Baş Dövlət Yol Polisi İdarəsindən bildirilir ki, həyat yoldaşım “Nissan Patrol” markalı avtomobillə radara düşərək 50 manat məbləğində cərimələnib.
Halbuki həyat yoldaşım dörd il bundan əvvəl dünyasını dəyişib. Ümumiyyətlə, bizim “Nissan Patrol” markalı avtomobilimiz olmayıb. Hətta öz adına belə kimin üçünsə alsaydı, xəbərim olardı. İndi məni bir məsələ düşündürür ki, birdən bu maşın kimisə vurub öldürdü. Məsuliyyəti kim daşıyacaq? Mənim dörd il bundan əvvəl dünyasını dəyişmiş yoldaşım?”
Zakirə Zakirqızı qeyd edib ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisini məhkəməyə verməyi düşünür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev saytımıza açıqlama verib.
Onun sözlərinə görə, məsələ yol polisinin diqqət mərkəzindədir:
“Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək”.