Amerikan texnologiya şirkəti, ən iri onlayn çatdırılma və taksi xidmətlərindən biri olan Uber bu ilin ikinci rübündə 1,5 milyard nəfər sərnişin daşıyıb.
FED.az şirkətin rəsmi hesabatına istinadla xəbər verir ki, bu dövrdə Uber-in taksi, kuryer, ərzaq çatdırılması, malların daşınması, velosiped və motosikl icarə xidmətləri üzrə sifarişlərin ümumi həcmi 21,9 milyard dollar təşkil edib. Bu rəqəm ötə ilin müvafiq dövründən 114% çoxdur.
Sifarişlərin 8,6 milyard dolları taksi və sərnişindaşıma, böyük hissəsi - 12,9 milyard dolları isə çatdırılma xidmətlərinin payına düşüb.
Uber aprel-iyun aylarında 3,92 milyard dollar gəlir (105%), 1,14 milyard dollar xalis mənfəət əldə edib. Ötən ilin ikinci rübünü şirkət 1,77 milyard dollar zərərlə başa vurmuşdu. (Marja)