Bu ilin yanvar-iyul aylarında Türkiyədən minik avtomobillərinin ixracı 5,5 milyard dollar təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi məlumat yayıb.
Belə ki, bu ilin yeddi ayı ərzində Türkiyə 100-dən çox ölkəyə, muxtar və sərbəst bölgələrə avtomobil ixrac edib.
Türkiyə avtomobil sənayesi məhsullarının ümumi ixracının 33,7%-ni minik avtomobillərinin payı təşkil edir ki, bu da nəzərdən keçirilən dövrdə 16,37 mlrd. ABŞ dollarını üstələyir. 2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən minik avtomobillərinin satış həcmi 5,1 mlrd. dollar olduğu halda, bu ilin eyni dövründə bu rəqəm 8% artaraq 5,51 mlrd. dolları ötüb.
Türkiyə avtomobil məhsullarının ikinci əsas bazarı olan Fransa hesabat dövründə Türkiyədən minik avtomobillərinin aparıcı idxalçısı olub. Bu ölkəyə bu ilin yanvar-iyul aylarında satış həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 18,5% artaraq 829,8 mln. dollardan 983,6 mln. dollara yüksəlib.
İtaliya Türkiyədən minik avtomobilləri idxal edən ikinci ölkə olub. Bu ölkəyə keçən ilin yanvar-iyul aylarında satış həcmi 434,16 mln. dollar olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 24,4% artaraq 540,9 mln təşkil edib.
Almaniya, Türkiyədən minik avtomobilləri idxal edən üçüncü ölkə olub.
Fransa, İtaliya və Almaniyaya satışlar Türkiyənin ümumi minik avtomobili ixracatının 36,89%-ni təşkil edib. (Apa)