Yanvarın 11-dən başlanan “Tokyo Auto Salon 2020” sərgisində Yaponiya və digər ölkələrdən olan istehsalçılar 800-ə yaxın yeni avtomobil növü təqdim edir.
FED.az xəbər verir ki, Tokionun şərqində yerləşən Çiba şəhərindəki möhtəşəm “Makuhari Messi” sərgi salonunda iki gün davam edəcək sərgidə 450-yə yaxın istehsalçı şirkət iştirak edir. Sərgidə həvəskarlara əsasən sifariş üçün və idman avtomobilləri, həmçinin onların ehtiyat hissələri təqdim olunur.
Eləcə də bax: Bakıya qiyməti 7 milyona çatan avtomobil - GƏTİRİLİB - FOTO
“Toyota Motor Corp.” şirkəti avtomobil idmanı sahəsində zəngin təcrübə əsasında yaradılmış “GR Yaris” modelini təqdim edib. Sərgidə “Honda Motor Co.”, “Volvo Cars Japan” və “Mazda Motor Corp.” kimi tanınmış şirkətlər də məhsullarını nümayiş etdirir. “Toyota” şirkətinin prezidenti Akio Toyoda jurnalistlərə deyib ki, digər avtomobil istehsalçıları ilə birlikdə hazırlanmış “86” və “Supra” modellərindən fərqli olaraq, idman komponentlərini əks etdirən yeni modelin şirkətin özü tərəfindən hazırlanması çox sevindiricidir.
Sərgidə “Toyota” ilə yanaşı, “Subaru Corp.” şirkəti ilin ikinci yarısında istehsalı planlaşdırılan “Levorg” universal modelini, “Nissan Motor Co.” şirkəti isə “GT-R” və “Fairlady Z” idman avtomobillərini təqdim edir. Təşkilatçıların bildirdiyinə görə, “Makuhari Messi” sərgi salonunun ətrafında yarış avtomobillərinin nümunəvi çıxışlarını izləmək də mümkündür. Sərgini 300 min avtomobil həvəskarının ziyarət edəcəyi gözlənilir.
Azərtac