Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə xəbərdarlıq edib.
DİN Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.
Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.
Sürücülərdən Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyyə olunur. Bununla bağlı Texniki Müayinə Mərkəzləri bayram günlərində gücləndirilmiş iş rejimində səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir.