Texnologiya əsri sayılan XXI əsrdə ölkəmizi bu sahədə tanıdan neçə-neçə gəncimiz var. Onlardan biri də hazırda məşhur “Tesla” şirkətində çalışan Sənan Axundzadədir.
"Tesla" səhmlərinin dəyəri sürətlə artır
FED.az xəbər verir ki, Sənan Axundzadə Bakıda dünyaya gəlsə də, əslən Lənkəranın Boladı kəndindəndir. Atasının işi ilə əlaqədar 3 yaşında ikən ailəlikcə ABŞ-a, sonra Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə köçməli olublar. Daha sonra isə Kanadaya köçüblər. Orta məktəbi yüksək nəticələrlə bitirdikdən sonra, 2014-cü ildə dünya şöhrətli Vaterloo Universitetinin Mexanika mühəndisliyi fakültəsinə qəbul edilib. Hələ tələbə ikən müxtəlif yüksək reytinqli Kanada şirkətlərində təcrübə keçməyə nail olub.
“Uşaqlığımın ilk illərini çox xatırlamasam da, şəkil və videolardan gördüyümə görə ailəmiz tez-tez ata-baba yurdumuz olan Lənkərana səfər edirdi. Ailəmizin dəyərləri, həmçinin geniş ailə bağlarımız mənə Vətənə bağlılıq və sevgini kiçik yaşlardan aşılayıb. 1998-ci ildə atamın qalib gəldiyi məşhur “Fulbright” proqramı çərçivəsində ailəmiz ABŞ-ın Texas ştatına köçdü. 2001-ci ildə isə atamın yeni işi ilə əlaqədar Kanadaya köçdük. İbtidai təhsilimi Kanadanın Hamilton şəhərində, orta məktəbin yuxarı siniflərini isə Vaterlo şəhərində bitirmişəm. Daha sonra təhsilimi Kanadanın nüfuzlu Vaterlo Universitetində mexaniki mühəndislik ixtisası üzrə davam etdirdim. Uşaqlıqdan texnologiyaya olan marağım məni bu sahəyə yönəltdi. Hazırda Kaliforniyada yaşayıram, "Tesla" şirkətində mühəndis olaraq çalışıram və texnologiya sahəsində yeniliklər üzərində işləyərək öz maraqlarımı reallaşdırıram” , - deyə Sənan Axundzadə bildirir.
Gənc mühəndis qeyd edir ki, “Tesla”da işləmək arzusu tələbəlik illərindən formalaşıb və onun üçün xüsusi bir hədəf olub. O, bu məqsədə çatmaq üçün təhsil aldığı Vaterlo Universitetinin məşhur “Co-op” proqramından faydalanıb. Proqram tələbələrə altı semestr, yəni iki il ərzində müxtəlif şirkətlərdə iş təcrübəsi qazanmaq imkanı təqdim edir. Sənan da bu fürsətdən maksimum yararlanaraq müxtəlif şirkətlərdə praktiki təcrübələr əldə edib və bacarıqlarını artırıb. Bu təcrübələr onun “Tesla” kimi qabaqcıl bir şirkətdə çalışmaq üçün tələb olunan bilik və təcrübəni qazanmasına kömək edib: “2018-ci ildə, universitetin 3-cü kursunda oxuyarkən, "Tesla"ya müraciət etdim. Ərizə prosesində universitetdə aldığım biliklər və “Co-op” zamanı topladığım təcrübələr mənim üçün böyük üstünlük oldu. Müraciət prosesi bir neçə mərhələdən ibarət idi. İlk olaraq, CV və digər sənədlərimi göndərdim. Daha sonra texniki və ümumi müsahibələr oldu, burada həm nəzəri biliklərimi, həm də problemləri həll etmə qabiliyyətimi sınadılar. Müsahibələrdə həm akademik biliklərimi, həm də real iş təcrübələrimi vurğuladım. Müsahibə mərhələlərini uğurla keçdikdən sonra "Tesla"da “Co-op” təcrübəsinə başladım. Bu müddət ərzində göstərdiyim iş keyfiyyəti və əldə etdiyim nəticələr mənim daimi işə qəbul olunmağıma gətirib çıxardı. Beləliklə, həm tələbə ikən, həm də məzun olduqdan sonra arzuladığım yerdə çalışmağa nail oldum”.
Sənan Axundzadə hazırda “Tesla” şirkətində baş (senior) mühəndis vəzifəsində çalışır və diqqətini avtomobil istehsalında ən müasir texnologiyaların tətbiqinə yönəldir. O, avtomobillərin texniki dizaynı üzərində çalışmaqla yanaşı, istehsal proseslərinin optimallaşdırılması və innovativ həllərin tətbiqi ilə məşğuldur. Onun işi, təkcə avtomobillərin keyfiyyətini və funksionallığını artırmaq deyil, həm də istehsalın səmərəliliyini artırmaq və daha ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə töhfə verməkdir. Sənanın bu sahədəki fəaliyyəti “Tesla”nın dünyada texnologiya lideri olaraq mövqeyini gücləndirməsinə xidmət edir.
“Üzərində çalışdığım layihələr arasında “Model-3” , “Model-Y”, “Cybertruck” və “Robotaxi” kimi inqilabi avtomobillər yer alır. Bu layihələrdə bizim komandanın əsas məqsədi enerji səmərəliliyini, avtomobilin aerodinamik effektivliyini artırmaq, qəzalar zamanı təsirlərə dözmək üçün optimallaşdırılmış struktur plastiklərin dizaynı, hazırlanması, real mühitdə sınanması və istehsalına nəzarəti həyata keçirtməkdir. Eyni zamanda, "Tesla"nın eksteryer mühəndisliyi komandasında çalışaraq avtomobillərin xarici (eksteryer) komponentlərinin dizaynını, prototiplerin hazırlanmasını, test edilməsini və istehsalını həyata keçiririk. Dizayn etdiyimiz bir çox hissə son istifadəçi tərəfindən görünür və bu, avtomobilin görünüşünü və qəbulunu müəyyən etdiyi üçün “Tesla Dizayn Studiyası” ilə sıx əməkdaşlıq edərək gözəllik, funksiya və xərc arasında tarazlığı təmin edirik. Həmçinin konsept fazasından istehsal mərhələsinə qədər müxtəlif funksional komandalarla işləyirik ki, son məhsul hər bir sistemin tələblərinə uyğun optimallaşdırılsın. Biz daim yeniliklərə fokuslanmışıq və hər zaman məhsulları daha mükəmməl etmək üçün çalışırıq. "Tesla"da işləmək texniki bacarıqlarımı inkişaf etdirməklə yanaşı, həm də problemləri daha geniş perspektivdən həll etməyi öyrətdi. Bu, mənim üçün həm çağırışlarla dolu, həm də böyük məmnunluq yaradan bir təcrübədir”, - o əlavə edir.
Sənan Axundzadə gələcək planlarında karyerasını daha mürəkkəb və genişmiqyaslı mühəndislik layihələrinə yönəltməyi hədəfləyir. Xüsusilə süni intellekt, robototexnika və elektrik nəqliyyatı kimi sahələrdə dərin bilik və təcrübə qazanmaq onun əsas məqsədlərindən biridir. O, bu sahələrin gələcəyin texnologiyasında oynadığı mühüm rolu anlayaraq, yeni və innovativ həllərin yaradılmasında iştirak etməyi arzulayır. Sənanın bu istiqamətdəki planları, yalnız şəxsi inkişafına deyil, həm də texnologiyanın daha da irəliləməsinə əhəmiyyətli töhfələr verəcəyinə inanır.
“Bu sahələrin sürətlə inkişaf etdiyi, gələcəkdə dünya iqtisadiyyatı və cəmiyyət üzərində böyük təsir göstərəcəyi aydındır. Mən də bu inkişafın bir hissəsi olmaq və həm yeni texnologiyalar üzərində işləmək, həm də reallıqda faydalı nəticələr əldə etmək istəyirəm. Eyni zamanda, peşəkar təcrübəmi tələbələrlə bölüşmək və onlara rəhbərlik edərək öz sahəmi daha da zənginləşdirmək məqsədim var. Mənim üçün mühəndislik sahəsinin inkişafı yalnız texnoloji yeniliklərlə deyil, həm də yeni nəslin yetişdirilməsi və onlara doğru istiqamət verməkdədir”, - deyə əlavə edir. (Azərtac)