ABŞ-ın Tesla şirkəti, 2022-ci ilin üçüncü rübündə davam edən istehsal və logistika çətinliklərinə baxmayaraq, nəqliyyat vasitələrinin təhvil verilməsində rekord qırıb, amma təhvil sayı proqnozdan aşağı olub.
Eləcə də bax:Elon Musk Tesla-nın yeni robotu - Optimus-u təqdim etdi
FED.az xəbər verir ki, elektrikli avtomobil istehsalçısı Tesla 2022-ci ilin üçüncü rübündə dünya üzrə sifarişçilərə 343 830 avtomobil təhvil verərək rekord qırıb. Bloomberg-in sorğusuna qatılan analitiklər 358 000 ədəd təhvil proqnozlaşdırırdılar. Bir il əvvəlin analoji dövründə bu rəqəm 241,3 min olmuşdu.
"İstehsal həcmlərimiz artmağa davam edir. Lakin nəqliyyat vasitələrinin logistikası xərcləri artır"- Texasda yerləşən elektrik avtomobil istehsalçısının açıqlamsında bildirilir.
Şirkətin Baş direktoru Elon Musk Twitter-də bildirib: "Xərcləri azaltmaq və Tesla komandasındakı stressi azaltmaq üçün son rübün çılğın təhvil dalğasını yüngülləşdirmək istəyirik. Biz növbəti rüblərdə daha sabit təhvillər hədəfləyirik”.
Tesla-nın açıqladığı rəqəmlər qlobal iqtisadiyyatdakı pisləşmənin istehlak tələbini azaldacağına dair artan narahatlıqlar fonunda açıqlanıb. Mənfi gözləntilər keçən həftə Apple-dan Teslaya qədər bir çox şirkətin səhmlərinin aşağı düşməsinə səbəb olmuşdu.
Bu açıqlamadan sonra Tesla səhmləri Asiya bazarlarında ucuzlaşıb. (Marja)