Taksi minik avtomobili ilə sərnişin daşımalarında stifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblər açıqlanıb.
Taksi avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.
Qərara əsasən, sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri (bundan sonra - taksi minik avtomobilləri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında mühərrikli və ya elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri istifadə oluna bilər. Taksi minik avtomobilləri kimi Azərbaycan Respublikasının 2002-ci il 12 fevral tarixli 261-IIQ nömrəli Qanunu ilə qoşulduğu Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsi çərçivəsində imzalanmış “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” Müqavilənin tələblərinə uyğun olaraq müəyyən edilmiş M1 kateqoriyasına aid minik avtomobilləri istifadə oluna bilər.
5İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir.
Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.
Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.
Taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
2024-cü il iyulun 1-dən qüvvəyə minir.