Məlum olduğu kimi, sentyabrın 1-dən Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin Baş naziri Mixail Mişustinin sərəncamına uyğun olaraq taksi sifarişi xidmətlərinin istifadəçilərinin məlumatlarına çıxış əldə edəcək.
Azərbaycan əhalisi ən çox hansı taksi xidmətindən istifadə edir? – SORĞU
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən tarixdən başlayaraq “Yandex Taxi” də daxil olmaqla digər taksi sifarişi xidmətlərinin istifadəçilərinin məlumatları FTX üçün 24 saat əlçatan olacaq.
Qərar nəinki Rusiyada olan istifadəçilərə, eləcə də “Yandex Taxi”nin fəaliyyət göstərdiyi, eləcə də “Yandex” məhsulu olan digər xidmətlərin istifadəçilərinə də şamil olunacaq.
Sözügedən xidmətlərdən Azərbaycanda da istifadə edilir. Belə ki, ölkədə fəaliyyət göstərən Uber və Yango taksi sifarişi xidmətləri məhz “Yandex” məhsuludur.
Rusdilli beynəlxalq “Meduza” nəşrinin araşdırmasına görə, “Yandex Taxi” və onun başqa ölkələrdəki nümayəndəliklərinin bütün məlumatları Rusiyada toplanır. Bu isə öz növbəsində bir çox ölkələrin vətəndaşlarının şəxsi məlumatlarını digər tərəflər üçün əlçatan edir.
Məlumata görə, FTX taksi xidməti istifadəçilərinin bu məlumatlarını əldə edə bilər:
Sərnişinin adı, elektron poçt ünvanı, bank məlumatları, səfər etdiyi ünvanlar, IP-ünvan və telefonun identifikasiya nömrəsi, onun növü və modeli, istifadə edilən əməliyyat sistemi, brauzer və yaxud mobil tətbiqin hansı olması.
Qeyd edək ki, M.Mişustinin iyulun 4-ü imzaladığı sərəncama əsasən, FTX müxtəlif hallarda sərnişinlərin hərəkəti ilə bağlı taksi sifarişi xidməti ilə əlaqə saxlaya bilər. Tələb təcili olduqda taksi şirkəti tələb olunan məlumatları 3 gün ərzində, təcili olmadıqda isə 10 günə təqdim etməlidir. Şirkət lazımi məlumatları təqdim edə bilmədikdə isə bunu əsaslandırmağa məcburdur. Sərəncam sentyabrın 1-i qüvvəyə minəcək.