Xəbər verildiyi kimi, Azərbaycanda taksi xidməti sahəsində ciddi dəyişikliklər baş verib.
FED.az-ın məlumatına görə, bu sahədəki qanunvericiliyə, yəni “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət rüsumu haqqında” Qanunlara, eləcə də İnzibati Xətalar və Vergi Məcəllələrinə edilən dəyişikliklər bu gün prezident İlham Əliyev tərəfindən təsdiqlənib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, dəyişikliklər bu sahəyə dövlətin nəzarət etməsinə imkan verəcək, taksi xidmətlərinin keyfiyyəti artacaq, eyni zamanda sürücülərin layiqli iş şəraiti ilə təmin olunacaq.
Dəyişikliyə əsasən ilk dəfə olaraq qanunvericiliyə “taksi sifarişi operatoru” anlayışı əlavə edilib və taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün 3000 manat dövlət rüsumu ödənilməlidir.
“Lisenziyalar və icazələr haqqında” qanuna edilən dəyişikliyə əsasən buraxılış vərəqəsi və icazə kartı ilə bağlı yenilik var.
Buraxılış vərəqəsi - taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan avtomobil üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” Qanuna əsasən buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
Vurğulanıb ki, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün icazə, buraxılış vərəqəsi və buraxılış kartı 7 il müddətinə verilir.
Buna əməl etməyənlər, yəni icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 40 min manat cərimə ediləcək.
Taksi sifarişi operatorları “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədiyi və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etmədiyi halda cərimə olunacaq. Vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər 20 min manat cərimə edilir.
Qanuna görə, taksi sifarişi operatorları informasiya sistemlərində olan sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatları AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürməlidirlər.
Yenilik ondan ibarətdir ki, bu mexanizmi yaratmamağa və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər 20 min manat cərimə edilir.
Yeniliyə görə, taksi xidməti göstərənlər buraxılış vəsiqəsi ilə yanaşı, avtomobilin texniki vəziyyətinin reysqabağı yoxlanılması və sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri təqdim etməlidir. Və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmalıdır. Belə sənədlər olmayanda vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 300 manat cərimə edilir.
Eyni qayda ilə müvafiq buraxılış kartı və taksi sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 300 manat cərimə edilir.