Azərbaycanda taksi avtomobilləri ilə bağlı məsələyə aydınlıq gətirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi avtomobillərinə yeni tələblər tətbiq olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.
Xatırladaq ki, fevral ayında “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik edilməsi barədə yeni qanun qəbul edilib. Martın 3-də isə Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik edilməsi barədə yeni qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Bu prosesin davamı olaraq Nazirlər Kabineti aprelin 7-də həmin sərəncamın icrası ilə bağlı yeni sərəncam verib. Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulurdu ki, “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də dəyişikliklər edilsin və bu dəyişikliklər barədə təkliflər 2 ay müddətinə Nazirlər Kabğinetinə təqdim edilsin.
Bu iş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdi. Sərəncamda nazirliyə tapşırılmışdı ki, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla bu təklifləri hazırlayıb təqdim etsin.
Sənəddə taksi avtomobillərinin də adının çəkilməsi cəmiyyətdə taksi avtomobillərinə aid tələblərin də dəyişəcəyi barədə fikir yaratmışdı. Müvafiq qurumların, o cümlədən taksi fəaliyyətini birbaşa tənzimləyən orqan olan Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinin (AYNA) bu məsələ ilə bağlı ictimaiyyəti vaxtında məlumatlandırmaması nəticəsində yenilik barədə düzgün olmayan məlumatlar yaranmışdı.
Nəticədə AYNA bu məsələyə aydınlıq gətirməli olub. Agentliyin açıqlamasında deyilir ki, Nazirlər Kabineti tərəfindən 7 aprel tarixində verilən 210 nömrəli Sərəncama və ondan irəli gələn məsələlərə dair bildiririk ki, sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşımalar sahəsinə aiddir və bu qərar taksi sahəsini əhatə etmir.
«Məlumat üçün bildiririk ki, Sərəncamda da göründüyü kimi 2 ay müddətində Nazirlər Kabinetinə veriləcək təkliflər məhz qeyri-müntəzəm sərnişindaşıma ilə bağlıdır və bununla əlaqədar texniki göstəricilər, daxili və xarici tərtibata dair tələblərin müəyyən edilməsini nəzərdə tutur.
Xatırladaq ki, sifarişli sərnişindaşımaya misal olaraq turist və ya rayonlararası sifarişli daşıma həyata keçirən avtobusları, mikroavtobusları və minik avtomobilləri, korporativ servis xidmətlərini və özəl tədbirlər üçün kirayələnən nəqliyyat vasitələrini göstərmək olar (bu yanaşma yükdaşıma fəaliyyətinə də şamil edilir)»-deyə bildirilir.













