Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə 31 oktyabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə avtomobil nəqliyyatı ilə bağlı yeni səlahiyyət verilib.
Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinə edilmiş dəyişikliyə əsasən, qurum Şuşa şəhəri istisna olmaqla bütün ölkədə dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək, eləcə də müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək səlahiyyətinə malik olacaq. Şuşada isə bu işləri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi görəcək.









