Sosial Tədqiqatlar Mərkəzinin Bakı və Abşeron ərazisində keçirdiyi sosioloji sorğunun nəticələri taksi sürücülərinin iş rejimi, məşğulluq statusu və sosial vəziyyəti ilə bağlı bir sıra diqqətçəkən məqamları ortaya qoyub. Sorğu nəticələri göstərir ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin əksəriyyəti bu sahədə əsas iş kimi çalışır və uzun iş saatları ilə üz-üzədir.
Taksi sürücülərinin böyük əksəriyyəti Bolt ilə əməkdaşlıq edir
Bakı və Abşeronda taksi sürücülərinin əksəriyyəti gənclərdir – SORĞU NƏTİCƏLƏRİ AÇIQLANDI
FED.az xəbər verir ki, taksi sürücülərinin 61.3%-i gündəlik 8 saatdan çox işləyir. Belə ki, respondentlərin 38.7%-i 10 saatdan çox, 22.6%-i isə 8-10 saat arası işlədiyini bildirib. Eyni zamanda, digər 38.7% isə gündəlik 8 saat və ya ondan az müddətdə taksi fəaliyyəti ilə məşğul olur. Bu nəticələr taksi sürücülərinin çoxunun iş qrafikinin olduqca gərgin olduğunu göstərir.
Sorğuda iştirak edənlərin 81.8%-i üçün taksi fəaliyyəti əsas məşğulluq sahəsidir. Bu da onu deməyə əsas verir ki, taksi sürücülərinin böyük əksəriyyəti bu işdən gələn gəlirə əsaslanır. Əlavə gəlir məqsədilə bu sahədə çalışanların payı 17.7% təşkil edir. 0.5% isə bu barədə cavab verməkdən imtina edib.
Əlavə iş kimi taksi fəaliyyəti göstərənlərin 72.5%-i bu işi gündəlik 8 saatdan az vaxt sərf etməklə icra edir. Əsas iş olaraq bu sahədə çalışanların 69.0%-i isə gündəlik 8 saatdan çox vaxtını taksi sürücülüyünə həsr edir. Bu isə onu göstərir ki, taksi fəaliyyəti sürücülərin həyatında yalnız zaman baxımından deyil, həm də iqtisadi baxımdan önəmli yer tutur.
Bununla yanaşı, əsas məşğuliyyət kimi taksi fəaliyyəti ilə məşğul olan hər üç nəfərdən biri – yəni 33.9%-i avtomobilindən icarə əsasında istifadə edir. Bu fakt, taksi sürücülərinin bir hissəsinin öz avtomobilinə sahib olmaması və bu səbəbdən əlavə maliyyə yükü daşıması kimi sosial çətinliklərə işarə edir.
Ən diqqətçəkən məqamlardan biri isə taksi sürücülərinin 70.5%-nin kredit borcunun olmasıdır. Bu göstərici, sürücülərin maliyyə təzyiqi altında çalışdığını və bu sahənin sosial rifah baxımından da həssas qrup olduğunu göstərir.
Ümumilikdə, sorğu nəticələri taksi fəaliyyəti ilə məşğul olanların yalnız xidmət göstərmədiyini, eyni zamanda ağır iş rejimi, avtomobil icarəsi və kredit öhdəlikləri ilə də üzləşdiyini ortaya qoyur. Bu isə tənzimləmə siyasətlərində bu sahədə çalışan şəxslərin sosial və iqtisadi rifahının xüsusi diqqətdə saxlanılmasının vacibliyini gündəmə gətirir.