Bu gün Azərbaycanda ilk dəfə olaraq elektrik avtomobillərinin sərgisi keçirildi. «Auto Eko 2023» adı altında keçirilən sərgi Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil olunub.
FED.az xəbər verir ki, sərgidə 9 avtomobil markasının rəsmi idxalçıları və yerli avtomobil istehsalçıları iştirak edir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» proqramı çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA bir sıra tədbirlər həyata keçirir. Ötən il assosiasiya hibrid və elektromobillərin iştirakı ilə «Yaşıl ölkə» adlı ilk ekoloji avtomobil yürüşünü həyata keçirmişdi.
Bu günkü sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə həyata keçirilir. Sərginin həyata keçirilməsində məqsəd Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi, elektromobil texnologiyalı ən yeni modellərin nümayişi, ətraf mühitin qorunmasına cəmiyyətin diqqətinin cəlb edilməsi, gənclərdə müasir texnologiyalara, texniki idman növlərinə marağın artırılmasından ibarətdir.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Müdafiə Sənayesi naziri Mədət Quliyev, deputatlar, QHT və media işçiləri, dövlət və özəl sektordan nümayəndələr, avtomobil sahəsində fəaliyyət göstərən müxtəlif vəzifəli şəxslər və videoblogerlər iştirak edirdi. Sərgiyə gəlmiş ziyarətçilər ekoloji avtomobilləri daxili və xarici funksiyalarını yaxından müşahidə edir, ödəniş şərtləri və digər detallarla maraqlanırdılar.
Sərginin açılışı ziyarətçilər üçün yarışma ilə başladı. Avtomobil tarixi və xüsusiyyətləri ilə bağlı müxtəlif suallara cavab verən ziyarətçilər kiçik hədiyyələrlə mükafatlandırıldı. Sərgidə açılış çıxışını edən AADA-sədri Natiq Zərbəliyev sərgi haqqında ətraflı məlumat verdikdən sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də ekoloji təmiz avtomobillərin ətraf mühit üçün əhəmiyyətindən danışdı. Daha sonra layihənin tərəfdaşları, sərgidə iştirak edən avtomobil dilerlərinin nümayəndələri sərgidə nümayiş etdirilən avtomobillər haqqında məlumat veriblər.
Tədbirdə sərgi iştirakçılarının istifadəsi üçün simulyasiya və elektrik doldurma avadanlığı texnikaları da gətirilib. Sərgidə tamaşaçılar üçün əyləncəli şou-proqramlar da təşkil olunub.
AADA-nın icraçı direktoru Eyyub Əliyev Müdafiə Sənayesi naziri Mədət Quliyevə və Vaqif Əsədov 3D skan-çap aparatları və elektrik qidalanma stansiyaları haqqında məlumat verərək istifadə qaydalarından söz açıb. Eyyub Əliyev qeyd edib ki, bu qurğular tezliklə Azərbaycan yollarında istifadəyə veriləcək.
Eyyub Əliyev bildirib ki, Azərbaycanda ilk dəfədir ki, elektrikli avtobillərin sərgisi keçirilir. Sərgidə 9 tam elektrikli avtomobil nümayiş etdirilir.
“Eyni zamanda sərgidə Azərbaycanda istehsal edilən yerli elektrik qidalanma stansiyaları da nümayiş etdirilir. Sərgi 3 gün davam ediləcək. Sərginin keçirilməsində əsas məqsəd, Azərbaycanda avtomobil parkının yenilənməsi və bu istiqamətdə təşviqat işlərinin aparılmasıdır. Sərgidə 3D skan cihazları, elektrik qidalanma stansiyaları və s. nümayiş etdirilir”-deyə Eyyub Əliyev vurğulayıb.
AADA-nın sədri Natiq Zərbəliyev bildirib ki, bu günə qədər 22 ildir ki, AADA müxtəlif avtomobil sərgiləri keçirib. Bundan öncə təşkilat hibrid avtomobillərin sərgisini keçirmişdi.
“Bu gün elektromobillərin sərgisi keçirilir. Rəsmi dilerlərin təqdim etdiyi bütün modellər burada sərgilənir. Sərgi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» proqramı çərçivəsində keçirilir. Hədəfimiz proqramın 15-ci bəndi təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilməkdir. Bunun üçün çalışırıq. Bildiyiniz kimi bu ildən elektromobillər ƏDV və gömrük rüsumlarından azad edilib. Artıq banklar elektromobillər üçün 10 faiz ilkin ödənişlə kredit şərtləri təqdim edir. Yollarda elektrik qidalanma stansiyaları yerləşdirilməyə başlanıb. Bütün işlər yekunlaşdıqdan sonra yollarımızda faydalı və müasir ekoloji təmiz avtomobillər hərəkət edəcək”-deyə Natiq Zərbəliyev əlavə edib.
AADA-nın sədri Natiq Zərbəliyev bildirib ki, may ayında ümummilli lider Heydər Əliyevin 100 illiyi ərəfəsində ekeoloji təmiz avtomobillərin yürüşü nəzərdə tutulub. Eyni zamanda yayda dəniz kənarında “Caspian Motors-2023” baş tutacaq. Orada bütün modellər nümayiş etdiriləcək.
İLAB MMC-nin rəsmi nümayəndəsi Zaur Bünyatov bildirib ki, yeni texnologiya olduğuna görə hamı üçün maraqlıdır.
“Avadanlığın yerli olması ələcəkdə bütün startapçılara yol açacaq. 3D scan aparatı bizim startapçılara motivasiya verir. Ola bilsin ki, başlanğıc kimi bizim ASAN xidmətlə layihəmiz olsun. Yəni ASAN xidmətlərdə quraşdırılacaq. Əsas məqsədimiz budur ki, rayonlarda da bu texnologiya istifadə olunsun. Çünki rayonlara əksər insanlar getməyə risk etmir. Düşünürlər ki, gedib yolda qalarlar. Şirkətlər, vətəndaşlar bu qurğulardan alaraq quraşdıra bilərlər. Biz də bacardığımız qədər dəstəyimizi göstəririk”-deyə Z.Bünyadov qeyd edib.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən elektrik avtomobillərinin sərgisi «Auto Eko 2023» 3 gün davam edəcək. (Bizimyol.info)