Dünyada elektrikli avtomobil (elektromobil) satışları iyunda illik müqayisədə 7 faiz artaraq 2 milyon ədədə çatıb. İlin birinci yarısında isə satışların həcmi 9,6 milyon ədəd təşkil edib.
Avtomobil bazarında vəziyyət açıqlandı
FED.az xəbər verir ki, Londonda yerləşən “Benchmark Mineral Intelligence” məlumatların təhlili şirkəti iyun ayı üzrə elektrikli avtomobil satışlarına dair göstəriciləri açıqlayıb.
Məlumata görə, ötən ay dünyada 2 milyon elektrikli avtomobil satılıb. Satışlar illik müqayisədə 7 faiz, əvvəlki ayla müqayisədə isə 11 faiz artıb. İlin birinci yarısında qlobal elektrikli avtomobil satışları illik müqayisədə 2 faiz yüksələrək 9,6 milyon ədədə çatıb.
Avropada iyun ayında rekord həcmdə — 530 min elektrikli avtomobil satılıb. Bu göstərici aylıq müqayisədə 28 faiz, illik müqayisədə isə 31 faiz artım deməkdir. Avropada elektrikli avtomobil satışlarının rekord səviyyəyə yüksəlməsində dəstəkləyici qanunvericilik tədbirləri və Yaxın Şərqdəki müharibədən sonra yanacaq qiymətlərinin bahalaşması təsirli olmağa davam edib.
Dünyanın ən böyük elektrikli avtomobil bazarı olan Çində satışlar iyunda ötən ilin eyni ayı ilə müqayisədə 11 faiz azalaraq 1 milyon ədəd təşkil edib. İlin birinci yarısında satışlar 4,9 milyon ədədə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azdır.
Digər tərəfdən, Çin elektrikli avtomobil istehsalçılarının iyun ayındakı ixracı 500 min ədədə çataraq yenidən rekord müəyyənləşdirib.
Şimali Amerikada elektrikli avtomobil satışları iyunda ötən ilin eyni ayı ilə müqayisədə 13 faiz azalaraq 130 min ədəd olub. Regionda ilin birinci yarısında satışlar illik müqayisədə 20 faiz azalaraq 730 min ədəd təşkil edib.
Xüsusilə ABŞ-də elektrikli avtomobillərə verilən təşviqlərin ləğv edilməsi satışlara mənfi təsir göstərməyə davam edir.
Dünyanın digər regionlarında isə elektrikli avtomobil satışları iyunda illik müqayisədə 98 faiz artaraq 300 min ədədə çatıb. İlin birinci yarısında satışlar 91 faiz artımla 1,4 milyon ədədə yüksəlib.














