Almaniyanın idman və lüks avtomobil istehsalçısı Porsche şirkətinin rəhbəri Michael Leiters 2035-ci ilə qədər şirkətdə ümumilikdə 5000-6000 iş yerini ixtisar etməyi planlaşdırır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə «Bild» qəzeti məlumat yayıb.
Bu tədbirlər nəticəsində şirkətin məhsuldarlığın təxminən 15% artacağı gözlənilir.
Amma şirkətin qənaət tədbirləri bununla bitmir. Planlaşdırılan addımlara əsasən stajçı işçilərin sayı yarıdan çox azaldılacaq. Qalan işçilər də xərclərin azaldılması proqramının təsirini hiss edəcəklər. Məsələn, bonuslar yalnız o vaxt ödəniləcək ki, satış gəliri 4%-i keçsin.
İşçilər üçün illik təşviq bonusu da ildə 1500 avro ilə limitlənəcək. Şirkətdə hər il işçilərə ödənilən 13-cü əmək haqqı da azaldılacaq.
Şirkət rəhbərliyi hesab edir ki, «Porsche» üçün bu cür kəskin tədbirlər zəruridir. Leiters şirkətdə bütün səviyyələrdə işçilərin hərtərəfli ixtisarını həyata keçirmək, buraxılan avtomobil modellərinin sayını azaltmaq və şirkəti qarşıdakı illərdə gəlirə çıxarmaq istəyir. Qəzet qeyd edir ki, şirkət 2026-cı il üçün satışlardan əməliyyat gəlirliliyinin cəmi 5,5%-7,5% olacağını proqnozlaşdırır. Bu, «Porsche»nin əvvəlki planlarından çox fərqlidir. Lakin, 2035-ci ilin sonuna qədər uzadılmış məşğulluq zəmanəti qrupun daxili strukturunu kökündən dəyişdirir.
Xatırladaq ki, Almaniyanın digər avtomobil istehsalçıları kimi, «Porsche» də son illər çətinliklərlə üzləşir. Əvvəlcə koronavirus pandemiyası səbəbindən yaranan problemlər, daha sonra enerji qiymətlərinin artması və nəhayət, Çin elektrik avtomobilləri səbəbindən 2022-ci ildən bəri daha da pisləşib.
Bir neçə gün əvvəl Handelsblatt qəzeti «Porsche»nin yaxın illərdə 8000-ə qədər işçisini işdən çıxara biləcəyini elan edib.














