Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrindən ilk 15 dəqiqə üçün ödəniş tələb olunmayacaq.
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qərarda öz əksini tapıb.
Nəqliyyat vasitəsi müəyyən edilmiş yerdə 15 dəqiqədən artıq qaldıqda ödəniş tam məbləğdə hesablanacaq.
Bəs buna nəzarət necə olacaq?
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, nəzarət xüsusi texniki vasitələrlə həyata keçirilməlidir. Əks halda, hazırkı parklanma yerlərinə nəzarətdən heç bir fərqi olmayacaq.
Yeni təsdiq edilən qaydada nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri də ödəniş tələb olunmur.
Qeyd edək ki, Bakı şəhəri üzrə parklanma qiymətləri mərkəz zonada ödənişin məbləği 1 manat olacaq. 1-ci zonada bu məbləğ 70 qəpik, 2-ci zonada 40 qəpik, 3-cü zonada isə 30 qəpik olacaq.
Bakı şəhəri üzrə 4-cü zonada nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş tələb olunmayacaq. Bu zona digər zonaların sərhədləri ilə əhatə olunmayan əraziləri əhatə edir. Ekspert hesab edir ki, şəhərin mərkəzində idarə və təşkilatlarda işləyənlər üçün belə parklanma yerlərində güzəştlər tətbiq edilməlidir.
Bakı, Sumqayıt və Gəncədən başqa digər yerlərdə parklanma ödənişsiz olacaq. Qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minəcək. (Xezerxeber.az)