MDB məkanında daha bir ölkədə elektromobil istehsalı başlayır.
FED.az xəbər verir ki, Özbəkistanın Fərqanə vilayətinin Kokanda şəhərində yeni avtomobil zavodunun tikintisi başlayıb. «Şaffof omad sanoat» zavodunda «Mercedes-Benz» dizaynlı elektrik krossoverləri buraxılacaq.
Fərqanə vilayətinin rəhbərliyindən verilən məlumata görə, gələcək zavodun sahəsi 30 min kvadratmetr olacaq. Zavodun tikintisinə 30 milyon dollar yatırılacaq, onun 24 milyon dolları layihənin əsas iştirakçısı olan Çinin «Silk Road Company» şirkəti yatıracaq. Plana əsasən artıq gələn ildən ilk elektromobillər istehsal ediləcək.
Avtomobillər bütünlüklə Çin hissələrindən yığılacaq və həm yerli, həm də xarici bazarlarda satılacaq. Birinci ilə zavodda 2 min elektrik krossoverinini istehsalı gözlənilir.
Avtomobillərin dizaynı bütünlüklə «Mercedes-Benz»dən götürülüb, maşınların hətta loqotipləri də bir-bğirinə oxşayır. Çinlilər bu avtomobildə «Mercedes-Benz»in həm xarici görünüşü, həm də daxilindəki dizayndan açıq-aşkar istifadə ediblər.
İlkin məlumatlara görə, zavodda buraxılan avtomobillərin qiyməti 3 min dollar ətrafında olacaq. Avtomobillər 100 at gücü olan elektrik mühərriki ilə hərəkətə gətiriləcək və saatda maksimum 80 km sürətlə hərəkət edə biləcək. Bir dəfə elektrik yükləməklə 150 km qət etmək mümkün olacaq.