Naxçıvanda elektriklə işləyən taksilər fəaliyyətə başlayıb. Bu maşınlar birdəfəyə 300-350 kilometr yol qət edə bilir.
FED.az xəbər verir ki, elektriklə işləyən taksilərin təqdimat mərasimində Naxçıvan MR Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyev bildirib ki, muxtar respublika rəhbərinin tapşırığı ilə 2 ədəd elektriklə işləyən nəqliyyat vasitəsi taksi xidməti kimi fəaliyyət göstərmək üçün sərnişinlərin istifadəsinə verilir.
CHANGAN AUCHAN markalı bu nəqliyyat vasitələri 7 yerlikdir (6+1). Tam yüklü batareya ilə 300-350 kilometr məsafə qət edə bilir. Batareyaların tam dolması üçün ev şəraitində (220 V) 5-7 saat, şarj aparatı ilə 100 dəqiqə kifayət edir. Nəqliyyat vasitəsinin sürət həddi 200 km/saatdır. Avtomaşın kondisioner və qızdırıcı sistemlə təmin olunub.
Qeyd edilib ki, maşının öndən və arxadan görüntü kameraları vardır ki, bu da baş verə biləcək hadisələrin araşdırılmasına köməklik göstərəcək.
Həmçinin ABS əyləc sistemi, elektrikli pəncərələr (ön və arxa tərəf), arxa park radar sistemi mövcuddur. Elektriklə işləyən bu maşınlar ekoloji cəhətdən təmiz, yanacaq sərfi baxımdan qənaətcildir.
Tədbirdə diqqətə çatdırılıb ki, istifadəyə verilən yeni taksiləri işlətmək üçün işə götürülən sürücülər diqqətli olmalı, maşınların sazlığına daim nəzarət etməli, texniki qulluğu vaxtında həyata keçirməli, sərnişinlərə daha yüksək səviyyədə xidmət göstərməli, 288 taksi xidməti ilə sıx əlaqədə işləməlidirlər.