2017-ci ilin İyul ayından bəri istehsalın dayandığı Naxçıvan Avtomobil Zavodunda Mart ayında montaj bərpa edilib.
FED.az xəbər verir ki, istehsal Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin sifarişi hesabına təmin edilib. Sifarişə əsasən NAZ-LIFAN LF330 modeli yığılır. Nazirlik tərəfindən avtomobillər dövlət büdcəsi hesabına alınaraq əlillərə hədiyyə olunur.
Eləcə də bax: Xəbəriniz olmadan adınıza cərimə gələ bilər – VİDEO
Mənbə bildirib ki, sifarişlərin davamlı olacağı gözlənilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilib. Bu avtomobillər ötən ilin İyul ayınadək istehsal olunmuşdur.
2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmamışdır.
01.03.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 106 ədəd təşkil edib. 01.01.2018-ci il tarixində hazır məhsul ehtiyatı 116 ədəd, 01.02.2018-ci il vəziyyətinə isə 115 ədəd idi.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunurdu. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.