Xəbər verdiyimiz kimi, ekspert Qubad İbadoğlu ABŞ-dan olan qonaqları ilə 9111 taksi xidmətindən istifadə edərkən sürücü müştərilərdən kondisioner istifadəsi üçün əlavə olaraq 1,5 manat ödəniş alıb.
FED.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən sözügedən taksi şirkətinin Marketinq Departamentinin rəhbəri Kristina Yaşina məsələyə aydınlıq gətirib.
O, kondisionerdən istifadənin ödənişli olduğunu təsdiqləsə də, qiymətin 1,5 manat deyil, 0,50 AZN təşkil etdiyini bildirib:
“Bu, bizim mobil tətbiqimizdə də göstərilib. Müştəri əgər kondisionerdən istifadə etmək istəyirsə, bu zaman müvafiq seçim edir. Amma burada insan faktoru da önəmlidir. Məsələn, müştəri əyləşdiyi taksidə kondisioner işlək vəziyyətdədirsə, bu zaman heç bir ödəniş etmir. Lakin elə sürücülər var ki, kondisionerdən istifadənin əlavə yanacaq sərfiyyatına səbəb olduğunu nəzərə alaraq, bundan imtina edir. Belə olan halda, müştəri əlavə 50 qəpik ödəməklə sürücüdən kondisioneri işə salmağını tələb edə bilər”.
Kristina Yaşinanın sözlərinə görə, bu, yeni metod deyil, hər yay mövsümündə istifadə olunur:
“Onsuz da bütün taksi şirkətləri bu cür edir. Təəssüf ki, qeyd etdiyiniz məsələ ilə bağlı müştəri bizə şikayət etməyib. Belə olan halda, sürücüdən həmin məbləğ tutulub, müştəriyə geri qaytarılacaqdı”.