Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 2-də baş tutacaq növbəti hərrac barədə elan verib.
FED.az Komitəyə istinadən xəbər verir ki, həmin gün səhmdar cəmiyyətlər, kiçik müəssisə və obyektlərlə yanaşı dövlət orqanlarının balansında olan 5 maşın da hərraca çıxarılacaq.
Qiymətləri 600 manatdan başlayır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan "QAZ-31029" markalı maşın 25% endirimlə məhz bu qiymətə satışa çıxarılıb. Maşın 1994-cü ildə istehsal edilib.
Mərkəzi Bankın maşınları isə 50% endirimlə təkrar hərraca çıxarılıb. Onlardan biri "Hyundai Sonata" (2004-cü il) 2 350 manat ilkin satış qiyməti ilə təklif edilir. 2006-cı ilə aid olan "Mercedes Benz Sprinter 314" markalı maşın isə 7 500 manata satışa çıxarılıb.
Oktyabrın 2-də elan edilən hərracda Nazirlər Kabientinin balansında olan "BMW 730" markalı 2 maşın da satılacaq. Onlardan birinin ilkin satış qiyməti 11 250 manat, digəri isə 10 500 manatdır. Hər iki maşın 2006-cı ildə istehsal edilib.
Qeyd edək ki, maşınları almaq istəyən şəxslər onların dəyərinin 10%-i məbləğində beh ödəyərək hərraca qoşula bilərlər. Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
-
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
Xatırladaq ki, əmlak hərraclarında onlayn qaydada iştirak etmək mümkündür.