“Merd petrol” yanacaqdoldurma məntəqəsində vətəndaşlara satılan dizel çirklidir və avtomobillərdə ciddi problemlər yaradır.
FED.az xəbər verir ki, bu barədə Axar.az-a şikayətində Bakı sakini Ramil Quliyev qeyd edib. O bildirib ki, bir neçə gün əvvəl Yasamal rayonunun Moskva prospektində - “Şamaxı yolu” adlanan ərazidə yerləşən “Merd petrol”dan həm avtomobili, həm də generatoru üçün 35 manatlıq dizel alıb. Bu həftənin əvvəlində avtomobilində nasazlıq hiss etdiyi üçün servisə müraciət edəndə isə məlum olub ki, dizelin tərkibində çirkli su olub.
R.Quliyev qeyd edib ki, dizel çirkli olduğu üçün ümumilikdə avtomobilin hissələrini sıradan çıxarıb və hazırda o hissələrin dəyişməsi üçün 2500 manatlıq vəsait tələb olunur.
R.Quliyev deyib ki, bu barədə yanacaqdoldurma məntəqəsinə müraciət etsə də, heç bir reaksiya verilməyib.
R.Quliyevin sözlərinə görə, hazırda “Merd petrol”dan aldığı dizeli saxlayır və diqqətlə baxıldıqda, onun tərkibində çirkli su olduğunu adi gözlə də müəyyən etmək olar.
Vətəndaşın şikayəti ilə bağlı “Merd petrol” yanacaqdoldurma məntəqəsindən yalnız səlahiyyətli şəxsin açıqlama verəcəyi bildirilib və hər hansı izahdan imtina edilib.
Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, vətəndaş belə hallarla rastlaşdıqda yanacaqdoldurma məntəqsindən aldığı kassa qəbzini, dizeldən nümunəni və yaranan problemin sözügedən dizeldən törəməsi barədə servisdən sənədi təqdim edərək, Birliyə ərizə yazmalıdır:
“Bundan sonra dizelin ekspertizası üçün biz dövlət orqanları qarşısında məsələ qaldıracağıq. Vətəndaşa dəyən zərərin ödənilməsi üçün təmənnasız olaraq bütün mümkün işlər görüləcək”.
E.Hüseynov bəzi hallarda yanacaqdoldurma məntəqələrindən keyfiyyətsiz malların satılması barədə vətəndaş şikayətlərinin daxil olduğunu qeyd edib:
“Bu gün “İST petrol”dan da buna uyğun şikayət daxil olub. Avtomobilə keyfiyyətsiz yağ töküldüyü üçün mühərrik sıradan çıxıb və vətəndaşa maddi ziyan dəyib”.
Məsələnin araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də rəsmi sorğu göndərilib.