Bu gün Mercedes-Benz şirkəti dördüncü nəsil GLE modelinin yeni tizerini dərc edib.
FED.az-ın məlumatına görə, bu dəfə alman istehsalçısı avtomobilin eksteryer dizaynını əks etdirən eskizi oxycyların diqqətinə çatdırıb.
Əslinə qalsa, bir neçə gün bundan öncə saytımız yeni Mercedes-Benz GLE modelinin cüzi kamuflyajla olan şəkillərini dərc etmişdir. Yeni ofrouderin təqdimatına sayılı həftələr qaldığı üçün avtomobilin tizerlərinin yayılması prosesi də intensivləşibdir. Dördüncü nəsil GLE modeli yeni MHA (Modular High Architecture) modul platformasında inşa edilibdir. Bu platformadan bayraqdar Mercedes-Benz GLS krossoverinin inşasında istifadə olunur.
Yeni GLE modeli sələfinə nisbətən 80 millimetr daha geniş olan təkər bazasına malik olacaqdır. Yeni krossover eyni zamanda cari modeldən 20 millimetr geniş və 1 millimetr hündür olacaqdır. Standart olaraq GLE modelinin dördüncü nəsli adi yaylı asqı ilə təklif ediləcəkdir. Lakin, əlavə ödənişlə Off-Road Plus rejiminə malik olan pnevmoasqını da sifariş etmək mümkün olacaqdır. Bu rejimdə avtomobilin klirensini 50 millimetr artırmaq olar.
Ən maraqlı opsiya isə hidroyaylı E-Active Body Control asqı sistemidir. Avtomobilin dörd dayağını hər biri toroidal hidroakkumulyatorlarla təchiz edilir ki, bu da köndələn dayanıqlılıq stabilizatorlarından imtina etməyə ikman verir. Üstəlik, avtomobilin klirensini daha yeyin dəyişmək olur. Bundan başqa, amortizator dayağındakı elektromotor amortizatorların sıxılma və zərbəyə qarşı müqavimət dərəcəsini də dəyişməyə şərait yaradır.
Təsdiq edilməmiş məlumata əsasən yeni krossoverin mühərrik qamması tamamilə yenilənibdir. GLE modelinin baza variantı olacaq GLE 250 modifikasiyası 250 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Ən populyar olan altı silindrli modifikasiyalar yeni sıralı 3,0-litrlik mühərrik ilə təklif ediləcəkdirlər. Məsələn, Mercedes-Benz GLE 450 modifikasiyasının “yumşaq hibridi” 362 at qüvvəsinə malik olacaqdır.
“Bərkgedən” Mercedes-AMG GLE 63 modeli 5,5-litrlik V8 mühərrikinin əvəzinə 571 at qüvvəli 4,0-litrik V8 biturbomühərrikinə sahiblənəcəkdir. GLE 63 S versiyasında mühərrikin hasilatı 612 at qüvvəsi təşkil edəcəkdir.
Yeni Mercedes-Benz GLE modelinin istehsalı ABŞ-da və Rusiyada təşkil ediləcəkdir. Moskva ətrafında yerləşən zavodun inşasına keçən il başlanıbdır. Bu müəssisənin işə salınması 2019-cu ilə planlaşdırılıb.
©Autograph