Bu ilin iyun ayında Azərbaycanın avtomobil bazarında müəyyən avtomobil modellərində 5-10 % enmə qeydə alınıb.
«60 min dollarlıq avtomobillər 48-49 min dollara, 13-15 min manata olan maşınlar 9-11 min manata düşüb» - MAŞIN BAZARI ÇÖKÜB
FED.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
“Bu avtomobillər də taksi fəaliyyətindən kənarlaşdırılan maşınlardır”, - ekspert bildirib.
Onun sözlərinə görə, ötən ayda həm yeni, həm də köhnə avtomobillərin qiymətində kəskin dəyişiklik olmayıb.
E.Cəfərov ötən ay yeni avtomobillərdən ən çox mini krossoverlərə üstünlük verildiyini qeyd edib: "Hibrid avtomobillərə daha çox maraq var. Təzə avtomobil almaq istəyən vətəndaşlar ilk növbədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə maraqlanırlar. Elektromobillərə bazarda böyük maraq var, lakin ölkədə enerji doldurma məntəqələrinin sayının az olması bu növ avtomobillərə üstünlük verilməsindən çəkindirir. Eyni zamanda, Azərbaycana idxal olunan bir sıra elektromobillər var ki, onların ölkədə rəsmi diler və ya distribütoru mövcud deyil. Bu o deməkdir ki, həmin avtomobillərin təmiri ilə bağlı çətinlik yarana bilər. Ənənəvi olaraq, yanacaqla işləyən avtomobillərə tələbat daha çoxdur".
Ekspert hesab edir ki, ikinci əl avtomobil bazarı hələ fəallaşmayıb: "Orada da tələbat əsasən benzin mühərrikli sedanlaradır. Bunlar mühərrik həcmi 1 500 kubsantimetrdən 2 000 kubsantimetrə qədər olan avtomobillərdir".
"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev bildirib ki, elan saytlarındakı qeyd olunan qiymətlərlə maşın bazarındakı təkliflər arasında 2-3 min manat fərq olur.
“Elanlarda çox vaxt süni qiymətlər yazılır, amma canlı ünsiyyət zamanı təqribən 3 min manat aşağı qiymətlərə avtomobil almaq mümkündür”, - E.Əliyev qeyd edib.
Avtomobil bazarı üzrə ekspert əvvəllər taksi fəaliyyətinə cəlb olunan avtomobillərin qiymətlərinin son dövrdə ciddi şəkildə enməsindən də bəhs edib: “Hatchback, "Toyota Prius”, “Kia”, “Opel”, “Mercedes” və s. markalı 2007-2008-ci illərdə istehsal olunan avtomobillər 50 % ucuzlaşıb. Əvvəl bazarda yaxşı vəziyyətdə olan “Toyota Prius”ların qiyməti 11 min manatdan başlayırdısa, hazırda bu avtomobillər 8 min manata təklif olunur. Bundan əlavə, əvvəllər 15 min manata olan avtomobillərin qiyməti də ciddi şəkildə azalıb. “Kia” markalı avtomobillərin qiymətində də əhəmiyyətli dəyişikliklər müşahidə edilir. Əvvəllər bu avtomobillər 13-15 min manat baha təklif olunurdu, amma hazırda köhnə avtomobillərin qiyməti 10 min manatdan yüksək deyil”. (Report)