Maşın alverçilərinin - “PROBEQ” FIRILDAĞI, VİDEO
20:40
12 Fev 2019
Avtomobillərin yürüşünün geri çəkilməsini necə müəyyən etmək olar?
FED.az-ın məlumatına görə, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı süjet hazırlanıb.
Hazırda 2000-ci ildən əvvəl istehsal olunan avtomobillərin satışında artım müşahidə olunur. Bəzi vətəndaşlar yaranmış əlverişli şəraitdən istifadə edərək uzun müddət istismar etdiyi avtomobilini baha qiymətə satmaq üçün müxtəlif üsullardan istifadə edir. Sözü gedən metodlardan ən çox yayılanı yürüşə müdaxilə edərək göstəricisini azaltmaqdır.
ELƏCƏ DƏ BAX: Şirkət 1,2 mindən çox avtomobili geri çağırdı – SƏBƏB
Sürücü: "Yürüşü arxaya çəkilibsə, bu, onun görkəmindən bəlli olur".
Sürücü: "Bu maşınımdan əvvəl bir maşın aldım, ustaya aparıb yürüşünü yoxlatdım. 200 min idi alanda, 400 min yürüşü olduğunu göstərdi. Aparıb qaytardım".
Satıcılar ustaların köməyi ilə avtomobilin odometrinə müdaxilə edərək istismar müddətində qət etdiyi məsafəni dəfələrlə azaldır. Bununla onlar alıcını avtomobilin az istifadə olunduğuna səliqəli saxlanıldığına inandırmağa çalışırlar. Çünki yürüşün böyük olması avtomobilin çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə hesab olunur.
Usta: "Son zamanlar belə tendensiya müşahidə edilir ki, istənilən adam maşın alır, müəyyən bir müddət sürdükdən sonra maşını satır. Bu zaman da daha yüksək məbləğə satmaq üçün avtomobilin yürüşünü geri çəkirlər".
Avtomobillərin yürüşünün geri çəkilməsi proseduru bahalı deyil və 30-80 manat arasında dəyişir. Lakin proses tam həyata keçirilmədiyi üçün onu müəyyən etmək mümkün olur. Yürüşə müdaxilənin hansı avtomobillərdə mümkün olmasına gəlincə isə, 2002-ci ildən sonra istehsal olunan avtomobillərin yürüş göstəricisinə müdaxilə etmək çox çətindir. Çünki bu avtomobillərin odometri ilə yanaşı digər detallarında da yürüş göstəriciləri yaddaşa yazılır. Digərlərində isə göstərici yalnız odometrdə saxlanıldğı üçün onu silmək mümkün olur.
Hazırda satış bazarında daha çox Almaniya istehsalı olan avtomobillərin yürüşünə müdaxilə edilir. Sözügedən nəqliyyat vasitələrinin əksəriyyəti 20 ildən çox istifadə edildiyi üçün yürüş göstəricisinin azaldılmasına ehtiyac yaranır.
Usta: "Bütün elektron bloklarda qeydə alınmış yürüşü geri çəkilərsə, onu heç bir avadanlıqda təyin etmək mümkün deyil. Lakin avtomobilə xüsusi baxış keçirməklə bunu təyin etmək mümkündür".
Salona diqqət etməklə də istismar müddətini qismən müəyyən etmək olar. Sükan, qoltuqlar və ən əsası oturacaqlar avtomobilin istifadə müddətini göstərən ən önəmli vasitələrdir.
Avropada bəzi ölkələrdə yürüşə müdaxiləyə görə vətəndaş cinayət məsuliyyətinə cəlb oluna bilər. Ölkəmizdəki mövcud qanunvericilikdə isə belə faktlar üçün xüsusi müddialar nəzərdə tutulmayıb.