Çoxdan gözlənilən "Kitayski Land Cruiser" Bakıda təqdim edilib. Söhbət "Toyota Land Cruiser"in oxşarı Çin avtomobili "GAC GS8" modelindən gedir. "GAC GS8"lə eyni zamanda biznes sedan "GAC GA8" modeli də təqdim edilib. FED.az xəbər verir ki, Çin avtomobilllərinin Azərbaycanda rəsmi təmsilçisi "Sirena Motors"un rəhbəri Mehmet Coşkun bildirib ki, hər iki model ilk dəfə Bakıda satışa çıxarılır. Yeni biznes sedan "Mercedes S Class"ın bütün özəlliklərinə sahibdir və ondan ucuzdur. O bildirib ki, "GAC GA8" biznes sedana məxsus komfortu ilə seçilir.
M.Coşkun "GAC GS8"in də yeniliklərini açıqlayıb. Belə ki, "Kitayski Land Cruiser" oxşarından fərqli olaraq 2 dəfə az yanacaq sərf edir. 2.0l Turbo mühərriklə təhciz edilmiş avtomobilin yanacaq sərfiyyatı şosedə 90km/saat sürətlə 6,5 litr təşkil edir. Şəhər yollarında isə 9-12 litr yanacaq işlədir: "Özüm test etmişəm 100 km məsafəyə 10 litr yanacaq sərf edib". 7 nəfərlik avtomobildə kondisioner sistemi bir birindən ayrıdır. Bundan əlavə, avtomobildə telefonu simsiz şarj etmək olacaq. Şirkət rəhbəri qeyd edib ki, müştərilərin əsas diqqət etdiyi məsələ avtomobilin qiyməti, kefiyyəti, təhlükəsizliyidir. Yeni modellərdə də bütün bu istəklər nəzərə alınıb.
M.Coşkun bildirib ki, yeni biznes sedanın endirimli qiyməti 59 min manatdır, "GAC GS8" isə 55 min manata təklif edilir. Bu qiymətlər eyni seqmentdəki digər modellərlə müqayisədə sərfəli təklifdir. Bundan əlavə, bu modellərə 5 il və yaxud 120 min km. zəmanət verilir.