Cənubi Koreyanın avtomobil istehsalçısı "Kia Motors" Çindəki zavodlarından birinin fəaliyyətini dayandırmağı düşünür.
FED.az şirkətin açıqlamasına istinadla xəbər verir ki, dünyanın ən böyük avtomobil bazarında satışın azalması "Kia Motors"u Çinin Ciansu vilayətindəki zavodunun fəaliyyətini dayandırmaq barədə düşünməyə vadar edib.
Cənubi Koreyanın ikinci ən böyük avtomobil istehsalçısı olan "Kia Motors"un Çində satışları son iki ildə azalmağa doğru gedir. ABŞ-ın Cənubi Koreyada THAAD raket hücumundan müdafiə sistemini quraşdırmasına rəsmi Pekinin etirazı ilə iki ölkə arasında yaranmış diplomatik narazılığın iqtisadi-ticari əlaqələrə mənfi təsiri nəticəsində 2017-ci ildə "Kia Motors"un Çindəki satışı 44 faiz azalmışdı. Ötən il satış 9 faiz çoxalsa da, şirkətin planlaşdırdığı hədəfə çatmayıb. Hazırda "Kia Motors"un Çində illik ümumi istehsal gücü 900 min avtomobilə yaxın olan 3 zavodu fəaliyyət göstərir.
Eləcə də bax: Gürcüstandan vurulmuş, əzilmiş, hava yastıqları açılan avtomobillər gətirilir - MÜSAHİBƏ
Qeyd edək ki, bir neçə gün əvvəl "Hyundai" şirkəti də Pekindəki zavodunun fəaliyyətini dayandırmağı düşündüyünü açıqlayıb.
Dünyanın ən böyük avtomobil bazarı olan Çində ötən il yeni avtomobillərin satışı son 30 ildə ilk dəfə olaraq azalıb. Mütəxəssislər bunun istehlakın azalması və işlənmiş avtomobillərin satışının çoxalması ilə bağlı olduğunu bildirirlər.