Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Neftçala Sənaye Məhəlləsində "Khazar" Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olub.
FED.az-ın məlumatına görə, səfirə məlumat verilib ki, "Khazar" Avtomobil Zavodu Sənaye Məhəlləsindəki ən böyük müəssisədir. Zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulmuş zavodda "Khazar", "AzSamand" və "Peugeot" avtomobil modelləri istehsal edilir. Artıq zavodda avtomat ötürücü qutusu ilə təchiz olunmuş “Peugeot Khazar” avtomobillərinin istehsalına da başlanılıb. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.
Müəssisədə 200 nəfər işlə təmin edilib və istehsalın genişlənməsi ilə iş yerlərinin sayının 300-ə çatdırılması nəzərdə tutulur.
Ötən il zavodda 1000-dən çox avtomobil istehsal olunub. Bu avtomobillərin 95%-i artıq satılıb. "Khazar" avtomobilləri 2018-ci ilin avqust-sentyabr aylarında Moskvada keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub və böyük maraqla qarşılanıb.
"Khazar" avtomobilləri “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac olunacaq.
Səfir Teruyuki Katori Zavodun işini yüksək qiymətləndirib, istehsalın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.