Bunu sizə diaqnostika da deməyəcək...
Avtomobil alanda deyirlər ki, qarpızı kəsəndə, maşını isə sürəndə bütün problemləri üzə çıxır. Azərbaycanda ikinci əl avtomobil bazarı daha aktiv olduğundan “İşlənmiş avtomobil alarkən nəyə diqqət yetirmək lazımdır?” sualı ilə mütəxəssisə müraciət etdik.
Bu sahənin eksperti kimi tanınan Elçin Abbasovun maraqlı və faydalı açıqlamalarını təqdim edirik.
Avtomobilin də bir həyatı var, onu öyrənin
Maşın almaq istəyəndə əksəriyyət bazara üz tutur, bir qisim isə dilerə müraciət edir. Hər iki halda onun tarixçəsini bilmək lazımdır: avtomobil haradan alınıb, hansı sahibləri olub, hansı qəzalar və ya təmirlərdən keçib, bir sözlə, avtomobilin həyatını bilməlisiniz.
Bunun öyrənməyin yolları barədə Elçin Abbasovun tövsiyələri aşağıdakılardır:
Əgər avtomobil Azərbaycandakı dilerdən alınıbsa, siz dilerdən onun tarixçəsini götürə bilərsiniz. Orada fikir verməlisiniz ki, avtomobil nə vaxt alınıb, sistematik olaraq ona qulluq olunubmu, hansı qəzalar və hansı təmirlər görüb? Düzdür, bu, avtomobil haqqında tam məlumat vermir, amma heç olmasa siz orada avtomobilin getdiyi kilometr haqqında düzgün məlumatlar ala biləcəksiniz. Çünki ikinci əl bazarında avtomobil satılarkən bəziləri kilometr göstəricisində aldadırlar.
Kilometr göstəricisi isə avtomobilin qiymətinə təsir edən faktordur və bundan sonra avtomobili nə qədər idarə edə biləcəyiniz haqqında məlumat deməkdir. Bir sözlə, dilerdən nə qədər mümkünsə, o qədər ətraflı məlumat almağa çalışın.
Əgər avtomobil Amerikadan gətirilibsə, bu halda Amerikanın xüsusi avtomobil sistemindən bütün məlumatları toplaya bilərsiniz.
Qeyd edək ki, Amerikadan gələn maşınların ən böyük problemi son vaxtlar olan sunamilərlə əlaqədar onların suya düşmüş olmalarıdır. Sistem vasitəsilə məlumat ala bilərsiniz ki, bu maşınla bağlı hansı sığorta ödənişləri olub və hansı təmirdən keçib. İkinci məlumat mənbəyi yenə də məlumat bazalarıdır.
Məsələn, “BMW” və “Mercedes” kimi brendlərin bütün dünya üzrə paylanmış məlumat bazaları var. Yəni, əgər avtomobil buradan alınmayıbsa belə, siz dilerə müraciət edərək, avtomobilin hansı təmirdən keçdiyi haqqında məlumatları əldə edə bilərsiniz. Bu, nəzəri hazırlıq və ya məlumat toplanmasıdır.
Elə hallar ola bilər ki, avtomobil heç bir yerdə qeydiyyatdan keçməyib. Bu zaman ustalara müraciət edib, avtomobilin vəziyyəti haqqında məlumat almaq olar.
Qeyd edək ki, usta seçimində dilerə müraciət etmək daha yaxşıdır, çünki təcrübə göstərir ki, satan adam çalışır ki, avtomobili öz tanış ustasına aparsın. Bu zaman satıcı ilə ustanın gizli sövdələşməsi də ola bilir. Dilerlərə isə buna icazə verilmir, çünki yalan məlumat verdiyinə görə rəsmi məsuliyyət daşıyırlar. Ona görə də dilerlərdən yalan məlumat almağınız ehtimalı azdır.
Dilerlərdə olan avadanlıqlar avtomobilin bütün sistemlərini dəqiqliklə yoxlamağa imkan verir. Proqram təminatında olan dəyişikliklər, hətta boya qatının dərinliyini ölçən avadanlıqlar belə olduğundan avtomobil haqqında daha düzgün məlumat toplaya bilərsiniz.
Zəmanətlər götürün
Bu məlumatlar avtomobilin tam sazlığı haqqında fikir formalaşdırmağa bəs etmir. Səbəb nədir? Elə nasazlıqlar var ki, onu qısa müddətdə təyin etmək olmur. Məsələn, soyuq vaxtlarda səhər avtomobil yaxşı işə düşmür və ya sürətlə hərəkət edən zaman titrəyişlər olur. Bundan başqa, avtomobilin yağ yeməsi haqqında məlumatı ala bilməyəcəksiniz. Bunu sizə diaqnostika da deməyəcək.
Tövsiyələrdən biri budur ki, avtomobili tanıdığınız adamdan və ya etibar etdiyiniz yerdən alın və müəyyən zəmanətlər götürün. Mütləq məlumat alın: avtomobil yağı yeyir, yoxsa yox? Yüksək sürətlə hərəkət edəndə özünü necə aparır?
Test sürüşü edin
Paltar almağa gedəndə hamımız onu geyinir və sonra pulunu ödəyirik. Avtomobil alanda isə bunu etmək imkanı olmur. Paltarla avtomobilə ödədiyimiz pulun fərqinə baxanda avtomobil alanda daha diqqətli olmaq lazımdır. Ona görə də ən doğru yolu budur ki, əgər avtomobili müəyyən müddət sürmək imkanı yaranarsa, test-drayv edin. Müxtəlif rejimlərdə maşını idarə etdikdə, bütün nasazlıqları üzə çıxacaq.
Dizel yoxsa, benzin?
Çox zaman dizel, yoxsa benzin maşınları arasında da seçim etməli olursunuz. Benzinin qiymətinin qalxdığını və dizelin qiymətinin sabit qaldığını nəzərə alsaq, çoxları dizel maşınlarına maraq göstərir. Amma həmişə belə olmur, faydalı olanı seçmək ən doğrusudur. E.Abbasov təklif edir ki, əgər siz 100 kilometrdən az sürürsünüzsə, demək, dizel sərf etmir. Səbəbinə gəlincə, dizel yanacağının keyfiyyəti aşağıdır və bu istismar müddətinin uzunömürlüyünə təsir edir.
Hansı region üçün nəzərdə tutulub?
Avtomobil istehsalçıları müxtəlif regionlar və iqlim şəraitinə uyğunlaşdırılmış modellər hazırlayırlar. Məsələn, MDB üçün olan maşınlar yolsuzluq şəraitinə uyğun götürülür. Bəzən isə ikinci əl bazarında Ərəbistan üçün olan avtomobilə belə rast gəlmək olur. Ekspert hesab edir ki, ümumiyyətlə, maşın alarkən belə faktlar az olsa da, ona fikir vermək lazımdır.
Təsəvvür edin ki, elə avtomobillər var ki, onun içində qızdırıcı sistem yoxdur, demək, onu buraya gətirib donmaq olar. Aydındır ki, Yaponiya və İngiltərə üçün olan avtomobillər də Azərbaycan üçün məsləhət deyil, çünki bu zaman onların sükan yerlərinin dəyişməsi böyük xərclər ortaya çıxarır. Əyləc, elektrik avadanlıqları, işıqlandırma, güzgülərdə problemlər yaradır.
Keyfiyyətdə fərq var
MDB və Avropa üçün nəzərdə tutulan avtomobillərin keyfiyyətində hansı fərqlər var, deyə maraqlansanız, onu da qeyd edək ki, fərqlər kifayət qədərdir.
Dilerlər Azərbaycana avtomobilləri gətirərkən minimum tələblərin ödənilməsinə çalışırlar. Məsələn, hava yastıqlarının sayında minimuma gedirlər və adətən, ölkəyə gətirilən avtomobillərdə iki hava yastığı ilə kifayətlənirlər. Halbuki Avropada dörd hava yastığı ilə buraxılır. Təbii ki, burada qiymət amili var, çünki bir hava yastığının dəyəri 500 manata yaxındır.
Bundan başqa, aktiv təhlükəsizlik sistemlərini də buraya aid etmək olar. Azərbaycana gətirilən maşınlarda sürüşmə əleyhinə sistemlərin vacibliyi arxa plana keçirilib, çünki dövlət tərəfindən qoyulan tələblərdə bu, öz əksini tapmır. Ona görə də qışda Bakıda qar üstündə “sürüşmə şouları”nı tez-tez görə bilərik.
P.S. Avtomobil alanda suallar verməkdən və dəqiq yoxlamalardan çəkinməyin ki, sonra sizi yarı yolda qoymasın. Uğurlu yol! (oxu.az)